2025-ci ildə dünyanın aparıcı mərkəzi bankları qlobal maliyyə böhranından bəri ən sürətli və ən genişmiqyaslı faiz endirimi dövrünü həyata keçirib. İnkişaf etmiş ölkələrlə yanaşı, inkişaf etməkdə olan bazarlarda da monetar yumşalma tempi əhəmiyyətli dərəcədə artıb.
Məlumatlara görə, G10 ölkələrinin mərkəzi bankları il ərzində baza faiz dərəcələrini ümumilikdə 850 baza bəndi azaldıb. Ən aktiv addımlar ABŞ Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Bankı tərəfindən atılıb. Bununla yanaşı, Avstraliya, Yeni Zelandiya, Kanada, İsveç, Norveç və İsveçrə mərkəzi bankları da faiz endiriminə gedən qurumlar sırasında yer alıb.
Analitiklər bildirir ki, bu addımlar əsasən inflyasiyanın zəifləməsi, iqtisadi artım tempinin yavaşıması və maliyyə şərtlərinin yumşaldılması zərurəti ilə bağlı olub. Bununla belə, monetar siyasətin gələcək istiqaməti ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Bəzi bazar iştirakçıları 2026-cı ildə Avropa Mərkəzi Bankının yenidən faiz artırımına başlaya biləcəyini istisna etmir, digər ölkələrdə də oxşar müzakirələr gündəmdədir.
İnkişaf etməkdə olan ölkələrdə isə faiz endirimi daha kəskin olub. 2025-ci ildə bu qrup üzrə mərkəzi banklar ümumilikdə 3 085 baza bəndi həcmində faiz endirimi həyata keçirib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 2 160 baza bəndi səviyyəsində olmuşdu.
Mütəxəssislərin fikrincə, qlobal miqyasda monetar yumşalmanın artması maliyyə bazarlarında risk iştahasını yüksəldib, səhm və əmtəə bazarlarına dəstək verib. Lakin inflyasiya riskləri və geosiyasi qeyri-müəyyənliklər fonunda mərkəzi bankların növbəti addımları bazarlar tərəfindən diqqətlə izlənilməkdədir.