2025-ci ildə ticarət və strateji ehtiyatlar üçün həyata keçirilən neft alışı qlobal neft qiymətlərinə dəstək olub və analitiklərə görə, gələn il də bu tendensiya davam edəcək. BBN.az xəbər verir ki, “Citigroup Inc.” və “FGE NexantECA”nın proqnozlarına əsasən, Çin enerji təhlükəsizliyini gücləndirmək üçün ehtiyat toplamasını növbəti ildə də artıracaq.
Çinin strateji ehtiyatlarının real həcmi dövlət sirri olaraq qalsa da, analitiklərin hesablamaları müəyyən mənzərə yaradır. “Energy Aspects” bildirir ki, ölkənin kommersiya ehtiyatları da daxil olmaqla ümumi anbar tutumu hazırda təxminən 2 milyard barel təşkil edir və 2025-ci ildə daha 260 milyon barel artacağı gözlənilir. Analitik Cianan Sun qeyd edir ki, Pekin anbarların sürətlə doldurulmasına dair yeni tapşırıq verəcəyi təqdirdə, idxal faktiki proqnozları üstələyə bilər.
Hazırkı göstərişə əsasən, Çin oktyabr–mart dövründə qiymətlər 80 dollar/barel səviyyəsindən aşağı olduqda strateji ehtiyatlara 140 milyon barelədək neft almağı planlaşdırır. Brent markalı neft iyunda qısa müddətlik bu həddə yaxınlaşsa da, hazırda təklif artıqlığına dair narahatlıqlar səbəbilə təxminən 62 dollar səviyyəsində ticarət olunur.
“OilX”in məlumatına görə, ölkənin sahilyanı və yeraltı anbarları hazırda yarı dolu vəziyyətdədir. Bu isə xüsusilə 2026-cı ildə qiymətlərin aşağı düşə biləcəyi ehtimalı fonunda əlavə ehtiyat toplamaq üçün geniş imkan yaradır.
Bununla belə, strateji ehtiyatlar üçün yüksək həcmdə alımlar əsl tendensiyanı — Çində real neft tələbatının zəifləməsini — gizlədir. Tələbatdakı azalmanın əsas səbəbləri elektrik avtomobillərinin sürətlə yayılması, neft emalı sənayesində konsolidasiya və ekoloji hədəflərlə bağlıdır.
Beynəlxalq Enerji Agentliyi (IEA) bildirir ki, ölkədə neftə tələbat artımı 2024-cü ildən zəifləməyə başlayıb. COVID məhdudiyyətlərinin aradan qalxmasından sonra 2023-cü ildə yaşanan kəskin artımdan fərqli olaraq, 2024-cü ildə artım cəmi 0,8 % olub ki, bu da pandemiya öncəsi orta göstəricilərdən xeyli aşağıdır.
“Bloomberg”in sorğusuna əsasən, 2025-ci ildə Çində neft tələbatının artımı gündə cəmi 150 min barel olacaq. Ən yüksək proqnoz “Energy Aspects” tərəfindən verilir — gündə 320 min barel, əsasən neft-kimya sektoru hesabına. Lakin bu göstərici belə əvvəlki illərlə müqayisədə əhəmiyyətli zəifləmədir.
“Rystad Energy”nin neft bazarları üzrə vitse-prezidenti Ye Lin bildirir ki, proses artıq geri dönüşü olmayan mərhələyə daxil olub və elektrik avtomobillərinin sürətli yüksəlişi Çin neft bazarına nəzərəçarpacaq təsir göstərir.