IFC: “Problemli kreditlərin 45%-i geri qayıdır”

Bu haqda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayndəsi Vasif Bədəlsoy “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı  bildirib.

Onun sözlərinə görə,  IFC tərəfindən keçirilən sorğuda 14 bank və 1 BOKT iştirak edib və bu sorğu bank sektorunun aktivlər baxımından 68%-ni əhatə edib. Sorğu 2014 və 2015-ci illəri əhatə edir.

Sorğunun nəticələrinə əsasən, məlum olub ki, qeyd edilən dövr ərzində kreditlərin 33.4%-i daşınar əmlakın girovu ilə verilib. Bu tip kreditlərin həcmi 3.3 mlrd. dollar həcmindədir və 170 min nəfəri sahibkar olmaqla, ümumilikdə 0.9 mln. nəfərə verilib. Bu kreditlər üzrə illik faiz dərəcəsi 20-30% arasında dəyişir.

V. Bədəlsoy bildirib ki, bu tip kreditlər üzrə gecikmə payı 13% təşkil edir. Gecikmiş kreditlərin sonradan ödənməsi isə 45% olaraq, reallaşıb. Bu göstərici bəzi banklarda hətta 80%-dən çox olub.

Bu portfelin əksər hissəsi, yəni 72%-i iri şitkətlərin,  14%-i kiçik sahibkarların və 14%-i istehlak kreditlərin payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır