352 dövlət müəssisəsi və obyekti özəlləşdirməyə açıq elan edilib

Ölkədə investisiya yatırımı baxımından cəlbedici dövlət müəsssələri özəlləşdirilməyə çıxırılıb. Azərbaycan Respublikası Prezidentinin dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı 19 iyul 2016-cı il tarixli Fərmanına əsasən Nazirlər Kabineti özəlləşdirilməyə açılan qeyri-profil dövlət müəssisəsi və obyektinin siyahısını təsdiqləyib. Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiqlənən siyahıya ümumilikdə 25 dövlət idarə və təşkilatının tabeliyində olan 137 dövlət əmlakı daxildir.

Eyni zamanda, bu əmlaklarla yanaşı,  215 dövlət müəssisə və obyekti də özəlləşdirilməyə açıq elan olunub. Bununla da, ümumilikdə 352 dövlət müəssisə və obyekti özəlləşdirilməyə açılıb.

Qeyd edək ki, özəlləşdirilməyə açılan yeni qeyri-profil müəssisə və obyektlər sırasında Mərkəzi Dənizçilər Xəstəxanası, Bakı Dəmir Yolu Xəstəxanası, Bakı Vaqon Təmiri Zavodu, Sumqayıt Sənaye Kombinatı, “Sərhədçi” İdman İstirahət Mərkəzi, Texniki Universitetin İdman Sarayı, Bakının Səbail və Nəsimi rayonlarında yeraltı dayanacaq kompleksləri, Mərdəkanda “Dalğa”, Xaçmazda “Nabran” istirahət mərkəzləri, İmişlidə Bəhrəmtəpə Dəmir Beton Zavodu, Balakəndə “Qubek Otel”, Qusarda “Şahdağ” istirahət zonaları kimi investorlar üçün cəlbecidi dövlət əmlakları var.

Nəhayət, yeni müəssisələrin özəlləşdirilməsi bu əmlakların tabe olduğu iri dövlət müəssisələrinin (orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq müəssisələr) restrukturizasiyası baxımından da əhəmiyyətli olacaqdır.

Bu isə dövlət büdcəsindən xərclərin azaldılması ilə yanaşı, belə müəssisələrin tam profil üzrə səmərəli fəaliyyətə başlaması və yeni iş yerlərinin açılması deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır