2025-ci ilin yanvar – noyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 534.723 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 852.716 sayda xidmət göstərilib ki, bunun da 301 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 188 mindən çoxu elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.
Aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,5 faizini təşkil edib:
- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asan İmza sertifikatlarının verilməsi;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Fiziki şəxsin uçotdan çıxarılması;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).
Yanvar – noyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 30,5 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 20,6 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 3.764 vergi ödəyicisinin iştirakı ilə 354 görüş keçirilib, 4.953 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3 milyon 756 minə yaxın SMS göndərilib.
Yanvar – noyabr ayları ərzində ümumilikdə 306.901 müraciət üzrə 470.798 Asan İmza sertifikatı verilib.