5 türk dövləti kibertəhlükəsizliklə bağlı Bakıda toplandı

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 1 iyun tarixində baş tutan “III Milli Kibertəhlükəsizlik Forumu”nda “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təcrübəsi” adlı panel müzakirəsi baş tutub. 

Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın kibertəhlükəsizlik üzrə aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinin bir araya gəldiyi paneldə kritik informasiya infrastrukturunun təhlükəsizliyi, həmçinin kibertəhdidlərə qarşı türk dünyasının birgə mübarizəsinə dair fikirlər müzakirə edilib.

AKTA sədri Elvin Balacanovun moderatorluğu ilə baş tutan panel müzakirələrində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov, Türkiyə Respublikası Milli Kiber İnsidentlərlə Mübarizə Mərkəzinin (USOM) rəhbəri Mahmut Esat Yıldırım, Qazaxıstan Respublikası Dövlət Texniki Xidmətinin İdarə Heyətinin sədr müavini Ulıkbek Şambulov, Özbəkistan Respublikasının Kibertəhlükəsizlik Mərkəzinin “CERT” rəhbəri Azam Qafurov və Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Kibertəhlükəsizlik üzrə koordinasiya mərkəzinin “CERT” Strateji İnkişaf qrupunun rəhbəri Kubanıçbek Cumayev iştirak edib.

Əvvəlcə, TDT üzvü olan dövlətlərin kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair təcrübəsi barədə müvafiq panel çıxışçıları tərəfindən ətraflı məlumatlar verilib, o cümlədən hüquqi, təşkilati və elmi-texniki sferalarda atılan addımlar diqqətə çatdırılıb.

Daha sonra, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması, eləcə də kibertəhdidlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair bir sıra tövsiyə və təkliflər səsləndirilib. TDT üzvü olan dövlətlər arasında kibertəhdidlərə dair effektiv və səmərəli məlumat mübadiləsi üçün vahid platformanın yaradılması, ortaq kibertəhlükəsizlik standartlarının formalaşdırılması, kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də kadr potensialının gücləndirilməsi məqsədilə təcrübə mübadiləsinin intensivləşdirilməsi, birgə maarifləndirici tədbir, təlim, forum və konfransların təşkil edilməsi, o cümlədən xanımların sahəyə daha yaxından cəlb edilməsi üçün birgə addımların atılması, habelə dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə birgə dəstəyin verilməsi panel iştirakçıları tərəfindən səsləndirilən təklif və tövsiyələrin mühüm hissəsini təşkil edib.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı