55,1 min manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ilin I yarısında aparılmış maliyə nəzarəti tədbirlərinin nəticələrinə əsasən əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunan artıq və əsassız ödənişlərin 55,1 min manatının hesabat dövründə dövlət büdcəsinə bərpası təmin edilib.

Belə ki, Hesabat dövründə aparılmış yoxlamalarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.3-cü maddəsində nəzərdə tutulan inzibati xətalara yol verilməsi müəyyən edilməklə ümumilikdə 107,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.

4 büdcə təşkilatı üzrə yoxlamaların nəticələrinə dair tərtib edilən sənədlər inzibati xətalara yol verməsi müəyyən edilən vəzifəli şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Mingəçevir şəhər, Lənkəran, Beyləqan və Laçın rayon prokurorluqlarına göndərilib.

Həmçinin, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktublarına əsasən 5 təşkilatda prokurorluq orqanlarının məktublarında və qərarlarında qeyd olunan suallar yoxlanılıb və cəmi 169,0 min manat məbləğində mənimsəmə halları aşkar olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır