İpoteka və Kredit Zəmanət Fondu Avropa Zəmanət İnstitutları Assosiasiyasına tamhüquqlu üzv seçilib

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Avropa Zəmanət İnstitutları Assosiasiyasına (AECM) tamhüquqlu üzv seçilib.

Bu barədə BBN.az-a İpoteka və Kredit Zəmanət Fondundan bildiriblər. 1992-ci ildə yaradılan Avropa Zəmanət İnstitutları Assosiasiyası Avropa İttifaqının 28 ölkəsində, habelə Türkiyə, Rusiya və Serbiyada fəaliyyət göstərən 48 üzv təşkilatla təmsil olunur. 2017-ci ildə AECM-ə üzv olan təşkilatların 126 milyard avro həcmində ümumi kredit zəmanət portfeli olub ki, onun da 74 milyardını il ərzində verilmiş zəmanətlər təşkil edib.

Təşkilatın üzvləri zəmanət fondlarından, o cümlədən kredit zəmanəti bölmələri olan inkişaf banklarından ibarətdir. Təşkilatın üzvlərinin missiyası iqtisadi cəhətdən sağlam, lakin yetərli təminatı olmayan layihələri kredit zəmanəti və digər maliyyə vasitələri ilə təmin etməkdir.

Fondun AECM-ə üzvlüyü Avropa ölkələrinin kredit zəmanət təşkilatlarının qabaqcıl təcrübələrindən faydalanaraq, Azərbaycanda sahibkarlığının inkişafına dəstək mexanizmlərinin təkmilləşdirilməsinə və inkişaf endirilməsinə geniş imkanlar yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır