“Stiv Cobs”dan 3 heyranedici – HƏYAT HEKAYƏSİ

BBN.az saytı Apple şirkətinin və Pixar Studiyasının icraçı direktoru Stiv Cobsun 3 həyat hekayəsini sizə təqdim edir.

İlk hekayə nöqtələri birləşdirməklə bağlıdır.

Mən Reed Kollecində aldığım təhsili ilk 6 aydan sonra buraxdım. Bəs səbəb nə idi?

Əslində hərşey mənim anadan olmağımdan çox əvvəl başlamışdı. Bioloji anam kolleci yenicə bitirmiş, heç vaxt ailə həyatı qurmamış gənc bir qadın idi və o düşündü ki, məni təhsilli bir ailə övladlığa götürsə, hər şey əla olacaq. Belə də oldu. Məni övladlıq götürmək istəyən ilk ailə hüquqşünas bir adam və onun yoldaşından ibarət idi. Lakin, onlar sonradan düşündülər ki, əslində uşaqlarının qız olmasını istəyirlər.

Beləliklə, gözləmə siyahısında olan indiki ailəmə gecənin bir vaxtında zəng gəlir və onlardan soruşulur: “Bizim bir oğlumuz olub, onun valideyni olmaq istərdinizmi?” onların cavabı isə müsbət olub.

Lakin, bioloji anam öyrənəndə ki, əslində övladlıq götürmək istəyən ailənin heçbir üzvü ali təhsil almayıb, o bu məsələyə çox soyuq yanaşıb və müqaviləni imzalamağa etirazını bildirib. Bir neçə ay sonra, yumşalaraq razı olduqda isə, ailəm mənə kollec təhsili verəcəkləri haqda söz verib.

17 il sonra mən həqiqətən də, kollecə daxil oldum. Lakin seçdiyim kollecin təhsil haqqı Stanford kollecininkindən heç də fərqlənmirdi və ailəm bunu qarşılamaq üçün bütün yığdıqları pulu xərcləyirdilər.

6 ay sonra mən düşündüm ki, əslində buna dəyməz və kolleci tərk etsəm hər şey daha yaxşı olacaq. Əvvəl bu qorxulu səslənsə də, sonradan gördüm ki, kollecdə mənə sıxıcı gələn fənlərdənsə diqqətimi çəkən fənlərlə məşğul olmaq üçün indi daha çox vaxtım olur.

Kollecdə yataqxana otağım yox idi və adətən, yoldaşlarımın otağında döşəmədə yatır, ərzaq ala bilmək üçün butulka qapaqlarını yığır, həftədə bir dəfə Hare Krishnada normal yemək yeyə bilmək üçün bazar günləri 7 mil yolu ayaqla gedirdim və bütün bunları sevirdim. Sonradan mən daha yaxşı anladım ki, dalınca qaçdığıım şeylərin çoxu vaxt keçdikcə dəyərsizləşirdi. Bir misal vermək istəyərdim.

O dövrlərdə Reed Kolleci ölkədə ən yaxşı xəttatlıq dərslərinin keçilməsilə seçilirdi. Kampus boyu bütün posterlər çox gözəl əl işləri idi və bütün bunlar mənə valehdici görünürdü. Kolleci tərk etdikdən sonra xəttatlıq dərslərinə başlamağa qərar verdim. Müxtəlif hərf kombinasiyaları, yazı növləri elmin yarada bilmədiyi gözəllikdə, tarixilikdə və zəriflikdə idi.

O zamanlar düşündükdə bütün bunların həyatımda tətbiqi ehtimalı yox idi. Lakin, 10 il əvvəl ilk Macintosh kompyuterlərini dizayn edəndə öyrəndiklərimin hamısı köməyimə çatdı.

Mac kompyuterləri gözəl yazı stillərinə sahib olan ilk PC-lər idi. Mən kolleci tərk edib xəttatlıq dərslərinə getməsəydim və Windows bizi təkrarlamasaydı bəlkə də indi heç bir kompyuterdə çoxnövlü yazı stilləri yox idi.

Əlbəttə ki, kollecdə oxuduğum zamanlar bu nöqtələri birləşdirmək mümkün deyildi. Ona görə də, həyatınızda nöqtələri birləşdirmək üçün hər zaman geriyə baxın. O zaman nəyin niyə baş verdiyini daha aydın başa düşəcəksiniz.

 

 

İkinci hekayə sevgi və itki haqqındadır.

Mən şanslıydım, erkən yaşlarda sevdiyim işin nə olduğuna qərar vermişdim və o işlə məşğul idim. Woz və mənim ilk olaraq, valideynlərimin qarajında başladığımız bu iş 10 il sonra 4 000 işçisi olan 2 milyard dollarlıq bir şirkətə çevrilmişdi. Bir il əvvəl ən uğurlu buraxılışımız olan Macintosh-u ərsəyə gətirdikdə mənim hələ 30 yaşım var idi. Sonra isə işi tərk etməli oldum. Bir insan qurduğu şirkətdəki işi necə tərk edə bilərdi ki, bu çox çətin idi?

Apple şirkəti getdikcə daha da inkişaf etdiyi üçün mən çox bacarıqlı olduğuna inandığım birini şirkəti mənimlə birlikdə idarə etməsi üçün işə götürmüşdüm və əməkdaşlığımızın ilk ili çox uğurlu keçsə də, sonradan müəyyən problemlərimiz yarandı. Gələcəklə bağlı fikirlərimiz kəskin fərqlənməyə başladıqda, biz ayrılmaq qərarı verdik və şirkətin Direktorlar Şurası işə onunla davam etmək qərarı aldı. Beləliklə, 30 yaşımda artıq işdən çıxarılmışdım, hətta böyük səs çoxluğu ilə. Bu çox sarsıdıcı bir hal idi və geri qalan həyatımda nəyə fokuslanacağımı bilmirdim.

Bu hal bir neçə ay davam etdi. David Pakard və Bob Noysla görüşərək əvvəlcədən mənə yönəltdikləri təklifi rədd etdiyim üçün təəssüfləndiyimi bildirdim. Hələ də gördüyüm işi sevirdim və rədd edilməyimə baxmayaraq, hərşeyə yenidən başlamaq qərarına gəldim.

Əvvəllər fərqində olmasam da vaxt keçdikcə anladım ki, Apple şirkətindən ayrılmağım bəlkə də başıma gələn ən yaxşı hadisə idi.

Bir işdə professional olmağın insana yüklədiyi ağırlıq artıq yerini yenidən başlamağın gətirdiyi həyəcana vermişdi. Bu isə mənim həyatımın ən kreativ dövrlərinin başlanğıcı oldu.

Növbəti 5 ildə “NeXT” və “Pixar” adlı şirkətdə işləməyə başladım və həyat yoldaşım olacaq heyranedici bir xanımla tanış oldum. “Pixar” dünyanın ilk animasiya filmi olan “Toy Story”ni yaratmağa başladı və ən yaxşı animasiya studiyalarından birinə çevrildi. Hadisələrin ardıcıllığı çox fövqəladi bir şəkildə davam edirdi. Bir müddət sonra “Apple” “NeXT”i aldı və mən yenidən Apple-a qayıtdım və NeXT-də inkişaf etdirdiyimiz texnologiya “Apple”ın indiki yüksəlişinin əsas təkanverici qüvvəsi oldu. Bütün bunlarla bərabər, Lauren və mənim möhtəşəm ailə həyatımız var idi.

Mən dəqiqliklə əminəm ki, əgər Apple şirkətindən çıxmasaydım bütün bunların heç biri baş verməyəcəkdi. Bu çox acı olmasına baxmayaraq xəstəyə kömək edən dərmanların effektinə bənzəyir. Bəzən həyat sanki insanın başından kərpiclə vurur, belə olduqda əsla ümidinizi itirməyin.

Mən bu fikri qəbul etmişəm ki, məni yolumda inamla addımlamağa məcbur edən səbəb işimi çox sevməyim və bu işi məni sevən insanlar üçün etməyim idi. İşiniz sizin həyatınızın çox böyük bir hissəsini tutur və bunu yorulmadan, həvəslə etmək üçün sadəcə onu sevməliyik. Əgər hələ də hansı işi sevdiyinizi müəyyənləşdirməmisinizsə, ilk öncə bunu edin və hər bir çətinliyə baxmayaraq inamlı olun. İllər keçdikcə bütün əhəmiyyətli əlaqələrinizdə olduğu kimi burda da sizdə nəyinsə alındığının şahidi olacaqsınız.

 

 

Üçüncü hekayəm isə ölümlə bağlıdır.

17 yaşım olanda belə bir aforizm oxumuşdum: “Hər günü son gününüz kimi yaşasanız bir gün mütləq haqlı çıxacaqsınız”. Bu cümlə mənə çox təsir etmişdi və 17 yaşımdan bu yana keçən 33 ildə hər gün aynanın qarşısında özümə bu sualı verirəm: “Əgər bugün son günümdürsə, bugün etdiyim işlərdən nə qədər razıyam?”. Bir müddət cavabım “yox” idi. O zaman mən artıq nələrisə dəyişməli olduğuma qərar verdim.

Bir gün öləcəyim düşüncəsi böyük seçimlər etməyimdə hər zaman mənə yardım etmişdir. Bütün xarici təsirlər, qürur, məğlubiyyət qorxusu və sıxıntılar ölümün yanında heçnədir. Öləcəyini xatırlamaq nəyisə itirmək düşüncəsindən və qorxusundan azad olmağın yeganə yoludur.  Bu azadlıq ürəyinin səsini dinləməyinə mane olan səbəbləri yox edir.

1 il əvvəl mədəaltı vəzimdə xərçəng xəstəliyi olduğunu öyrəndim. Belə bir orqanın mövcudluğundan hətta xəbərim belə yox idi. Həkimlər bunun sağalmayan bir xəstləlik olduğunu, 3 və ya ən çox 6 aylıq ömrümün qaldığını bildirdilər.

Həkimlər bütün işlərimi bir kənara atmağımı məsləhət gördülər bu onların xəstələri ölümə hazırlamaq metodudur. Ən əsası isə, ailəmi bu duruma hazırlamalı və uşaqlarıma illər ərzində öyrədəcəklərimi bu bir neçə aya sığdırmalı idim. Bu “xudahafiz”lərini demək mənasına gəlir.

Mən bütün günümü bu diaqnozla yaşadım. Növbəti gün biopsi analizləri verdim və yoxlama prosesində iştirak edən yoldaşımın sözlərinə görə, həkimlər analizimin nəticələrinə baxdıqda öz hislərini gizlədə bilməyib qışqırıblar.  Məlum olub ki, xəstəliyim əməliyyatla sağalan növ imiş və indi özümü çox yaxşı hiss edirəm.

Heç kim ölmək istəmir. Hətta cənnətə gedəcəyini düşünən insanlar belə. Buna baxmayaraq, ölüm bütün insanların son mənzilidir. Ölüm həyatın ən önəmli ixtirasıdır, o köhnə olanları aparıb yerinə yeniləri gətirir. Bu gün nə olduğumuzdan asılı olmayaraq, nə vaxtsa köhnəlib yenilərlə əvəz olunacağıq. Bu çox dramatik səslənə bilər, amma reallıqdır.

Vaxtımız məhduddur, buna görən də maksimum istifadə etməliyik. Bizə verilən həyatı başqalarının düşüncələri və istiqaməti ilə yaşamamalıyıq. Başqalarının səsinin sizin öz ürəyinizin səsini batırmasına imkan verməyin. Hislərinizə və ürəyinizin dediklərinə inanın, onlar necəsə sizin haqqınızda hərşeyin ən yaxşısını bilirlər. Qalan hər şey ikinci planda olmalıdır.

1970-cı illərdə mən sizin yaşlarınızda olanda “Bütün dünyanın kataloqu” adlanan bir dərgi var idi və bizim dövrün ən maraqlı dərgilərindən idi. Onu dövrümüzün “Google”-u da adlandıra bilərik. Sonuncu nəşrlərinin ən son səhifəsində səhər çağlarının əks olunduğu yol şəkli yer alırdı və son söz olaraq bu ifadə yazılmışdı: “Ac qalın. Axmaq qalın”. Mən hərzaman özümə bunu arzulamışam bu gün yeni həyata atılan sizə də bunu arzu edirəm.

Ac qalın. Axmaq qalın.

Hərkəsə təşəkkürlər.

Qeyd: Steve Cobs “Ac qalın. Axmaq qalın” ifadəsini heç bir zaman əlinizdə olanlarla kifayətlənməyin və  digərlərinin “reallaşdırmaq  mümkün deyil” dediklərini həyata keçirməyə çalışın (axmaqcasına görünsə belə) mənasında işlədib.

Oxşar yazıları oxumaq üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:

https://www.facebook.com/BBNNEWS/ 

Tahirə Həşimova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır