Bu ilin yanvar–sentyabr aylarında Azərbaycana xaricdən 849,9 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 361,4 milyon ABŞ dolları məbləğində pul köçürülüb.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.
Onun sözlərinə görə, göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana daxil olan pul köçürmələri üzrə 0,2 % artım, ölkədən xaricə göndərilən vəsaitlər üzrə isə 11,5 % azalma deməkdir.
AMB rəsmisi bildirib ki, hesabat dövründə Azərbaycana ən çox pul köçürülən ölkələr sırasında Rusiya (343,9 milyon ABŞ dolları), Türkiyə (140,3 milyon ABŞ dolları), ABŞ (74,1 milyon ABŞ dolları), Böyük Britaniya (30,7 milyon ABŞ dolları) və Gürcüstan (30,5 milyon ABŞ dolları) yer alıb.
Eyni zamanda, 9 ay ərzində ölkədən xaricə göndərilən pul köçürmələrinin həcminə görə ilk beşlikdə Türkiyə (104,5 milyon ABŞ dolları), ABŞ (55,7 milyon ABŞ dolları), Rusiya (34,3 milyon ABŞ dolları), Böyük Britaniya (20,5 milyon ABŞ dolları) və Gürcüstan (19,8 milyon ABŞ dolları) qərarlaşıb.