9 iyul hərracına hansı dövlət əmlakları çıxarıldı?

Vətəndaşların məmnunluğunu daima öz fəaliyyətində əsas tutan Əmlak Məsələləri Dövlət Komitəsi müasir üsullarla özəlləşdirmə xidmətlərini həyata keçirir. Bu sahədə elektron hərracın tətbiqi isə vaxta qənaətə və rahatlığın təminatına yönəlib. Komitə xidmətlə vətəndaş arasında məsafəni minimuma endirərək şəffaf, məhdudiyyətsiz mühitdə hərrac prosesini təklif edir.

Hərracların keçirilməsində məqsəd isə dövlət əmlaklarının investorlar tərəfindən özəlləşdirilərək onların yüksək fayda və səmərə verməsinə nail olmaqdır. Komitə tərəfindən növbəti hərrac iyul ayının 9-da baş tutacaq. Qeyd edək ki, bu hərraca 77 dövlət əmlakı çıxarılıb. Vətəndaşların və investorların 22 səhmdar cəmiyyəti, 46 kiçik dövlət müəssisə və obyektləri, 9 qeyri-yaşayış sahəsi arasında seçim etmək şansı var.

Bu dəfə də hərracda kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət, faydalılıq baxımından çoxçeşidlidir.  Belə ki, ilkin hərrac qiyməti 600 manat və 550 min manat aralığında olan belə əmlaklar Bakı, Sumqayıt, Balakən, Şəki və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır