ABA Avropa Banklar Federasiyasının iclasında təmsil olunub

Avropa Banklar Federasiyasının (ABF) assosiativ üzvlərinin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən illik toplantısında Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı Direktoru Yunus Abdulov iştirak etmişdir.

Tirana şəhərində keçirilən iclası Federasiyanın Baş katibi Vim Mijs açmış və iclas zamanı əsas müzakirə mövzuları Avropanın əlaqədar siyasi və tənzimləyici mühitindəki yeniliklər, ABF-nin strategiyası, kibertəhlüksizlik məsələləri, Avropa Pul Həftəsi (European Money Week) və bu istiqamətdə 2017-ci ildə görüləcək işlər, həmçinin digər məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, iclas zamanı Federasiyanın 2017-ci ildə keçiriləcək iclasının Bakıda təşkil olunması və iclas çərçivəsində Konfrans keçirilərək, digital bankçılıq, maliyyə savadlığı və digər məsələlərdə dünya və avropa təcrübələri barədə təqdimatlar edilməsi imkanları da müzakirə olunmuşdur. ABA 2008-ci ilin fevralından ABF-nin assosiativ üzvüdür.

Qeyd edək ki, Almaniyanın Frankfurt şəhərində də nümayəndəliyi olan ABF-nin baş qərargahı Belçikanın Brüssel şəhərində yerləşir. Avropanın 32 ölkəsinin banklar assosiasiyaları Federasiyanın üzvüdür. Bu assosiasiyalar ümumilikdə 4500 avropa banklarını, 2.5 milyon bank əməkdaşını təmsil edir.  ABA Federasiyanın təcrübəsindən sıx faydalanır. Assosiasiyanın İcraçı direktoru Yunus Abdulov Federasiyanın Brüsseldəki baş ofisində iş təcrübəsinə malikdir. Hazırda ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının işinin təşkilində mövcud xarici təcrübə tətbiq olunmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır