ABA ilə ASA arasında əməkdaşlıq Memorandumu imzalandı

06 oktyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında əməkdaşlıq Memorandumu imzalanmışdır.

Azərbaycanda əhalinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən genişmiqyaslı intensiv əməkdaşlıq platforması formalaşdırılıb. Yeni əməkdaşlıq platforması bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud olan risklərə qarşı sığorta təminatının genişləndirilməsi, bu məqsədlə müştərilərə dəyər qazandıran sığorta məhsullarının birgə inkişaf etdirilməsini və müştərilərə təqdim edilməsini nəzərdə tutur.

Əməkdaşlığın həyata keçirilməsi məqsədilə ABA və ASA tərəfindən birgə layihə şurası təsis edilmiş, müxtəlif ekspert işçi qrupları formalaşdırılmışdır.

Sözügedən platforma çərçivəsində ilk addım olaraq istehlak kreditləri müştərilərinin həyat sığortasının genişləndirilməsi nəzərdə tutulmuşdur. İstehlak kreditləri üzrə həyat sığortası müştərilərin ölüm və əlillik risklərinə qarşı əlverişli sığorta təminatını həyata keçirir. Bu məqsədlə uğurlu dünya təcrübələri dərindən öyrənilmiş, yerli xüsusiyyətlər tədqiq edilmiş, bu əsasda istehlak kreditləri müştəriləri üçün həyat sığortası mexanizminin daha əlverişli şərtlərlə formalaşdırılması qərara alınmışdır. Yaxın zamanlarda kredit həyat sığortası ilə bağlı yeni şərtlər tamamlandıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması, habelə maliyyə bazarlarının uzunmüddətli perspektivə hesablanmış dayanıqlı inkişafının təmin olunması məqsədilə silsilə məqsədyönlü addımlar atır. Mərkəzi Bankın intellektual dəstəyi ilə banklar və sığortaçılar arasında formalaşdırılan yeni əməkdaşlıq platforması da bu addımlardandır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı