ABA-nın eksperti “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun iclasında iştirak etmişdir – Foto

16 yanvar 2024-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunda Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun maraqlı tərəflərlə (Mülki Məcəllənin 1-3-cü fəsillərini tətbiq edən və ya belə tətbiqə məruz qalan subyektlərlə) hibrid formatda görüşü keçirilmişdir.

Görüşdə maraqlı tərəf qismində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev də iştirak etmişdir.

Eyni zamanda iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Notariat Palatasının, Vəkillər Kollegiyasının, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və işçi qrupun üzvləri də yer almışdırlar.

Görüşü giriş sözləri ilə açan işçi qrupun rəhbəri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov işçi qrupun fəaliyyət istiqamətləri barəsində məlumat vermişdir. Daha sonra görüş zamanı maraqlı tərəflərin Mülki Məcəllənin 1-3-cü fəsillərinin tətbiqi ilə bağlı təcrübədə qarşılaşdığı problemlər, bu problemlərin aradan qaldırılması, habelə Mülki Məcəllənin 1-3-cü fəsillərinə daxil olan müddəaların təkmilləşdirilməsinə dair təklifləri dinlənilmiş, işçi qrupun rəhbəri və üzvləri tərəfindən ünvanlanan suallar cavablandırılmışdır.

Görüşün yekununda maraqlı tərəflərin səsləndirdikləri təkliflər nəzərə alınmaqla işçi qrupun üzvləri tərəfindən özlərinin əsaslandırılmış təkliflərinin 29 yanvar 2024-cü il tarixinədək işçi qrupun katibinə təqdim edilməsi qərara alınmışdır.

Related posts

Mərkəzi Bankın sədr müavini Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb

Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Sahibkarlarla görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı