Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Qazaxıstan Banklar Assosiasiyasının dəstəyi ilə 13-14 iyun 2024-cü il tarixlərində ABA-nın “Komplayens üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki rəhbər şəxslərinin Qazaxıstan Respublikasının Almatı şəhərinə səfəri baş tutmuşdur.
Səfər çərçivəsində iştirakçılar Qazaxıstanın aparıcı banklarının aşağıdakı mövzular üzrə təcrübəsi ilə tanış olmuşlar:
1) KYC (misal üçün həmin ölkənin MUT tələbləri) Qaydaları;
2) Daxili riskin qiymətləndirilməsi standartları;
3) AML və Komplayens istiqamətində aparılan işlərin effektivliyinin yüksəldilməsi məqsədilə istifadə olunan yeni məhsul, proqram təminatları və süni intellektin bu istiqamətdə istifadə imkanları;
4) Həmin ölkənin Korporativ İdarəetmə Standartları;
5) Aidiyyəti şəxslər ilə əməliyyatların Qazaxıstanda aparılması qaydası;
6) 1-ci müdafiə xəttinin iş prosesinin yoxlanılması üçün Komplayens tərəfindən qurulmuş monitorinqlər;
7) Şübhəli ssenarilərin formalaşması və əməliyyatların araşdırılması prosesi;
8) Sanksiyaya qarşı mübarizə tədbirləri, bununla bağlı ölkə səviyyəsində aparılan islahatlar və qabaqlayıcı tədbirlər;
9) “Transaction Monitoring”in aparılması qaydaları, proseslər və “sanction screening”;
10 nəfərlik iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər baş tutmuşdur:
- “Bank Center Credit”;
- “Bank Freedom Finance”;
- “Halyk Bank”;
- “Otbasy Bank”;
- “Bereke Bank”
Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-ə yaxın mövzu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.
Əlavə edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platforması (edu.e-cbar.az) fəaliyyət göstərir. Platformaya iqtisadiyyat, bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən 40-dan çox ödənişsiz kurs yerləşdirilib. Virtual təhsil platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.