Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin üzvü Məmməd Musayev 70 illik yübeliyini qeyd edir. Bu münasibətlə ABA və üzv bankların rəbərləri Məmməd Musayevi səmimi qəlbdən təbrik edib.
Təbrik mətnində Məmməd Musayevin bank-maliyyə sisteminin təşəkkülü və ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində göstərdiyi əzmkar və fədakar xidməti vurğulanaraq, ölkə iqtisadiyyatının inkişafına, ölkədə yeni nəsil bankirlərin və sahibkarların formalaşmasına öz dəyərli töfhəsini verdiyi xüsusi qeyd olunmuşdur.
Bildirək ki, Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Azərbaycan Respublikasının Qazax rayonunu 2-ci Şıxlı kəndində anadan olmuşdur.
1972-ci ildə orta məktəbi, 1976-ci ildə isə Хalq Təsərrüfatı İnistitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1977-1978-ci illərdə hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə avqust 1976-cı ildən SSRİ Dövlət Bankının Şamxor şöbəsində kredit üzrə iqtisadçı vəzifəsindən başlamış, 1978-1984-cü illərdə SSRİ Dövlət Bankının Azərbaycan Kontorunda iqtisadcı və baş iqtisadcı vəzifələrində işləmişdir.
1984-1987-ci illərdə SSRİ Dövlət Bankının Qaradağ şöbəsinin müdiri, 1988-1992-ci illərdə Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankının Əməliyyat İdarəsinin rəisi, 1992-2001-ci illərdə Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri vəzifələrində, 2001-ci ildən hal-hazıradək “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin sədri vəzifəsində işləyir.
2009-cu ildən hal-hazıradək Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidentidir.
2011-ci ildən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin Şura sədrinin müavini, 2016-cı ildən İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədrinin müavini, 2018-ci ildən Türk Ticarət və Sənaye Palataları Birliyinin İdarə Heyətinin üzvü və həmtəsisçi sədrlərindən biri, 2021-ci ilin may ayında İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına üzv, İslam Əməkdaşlıq Təşkilatının Arbitraj Mərkəzinin Qəyyumlar Şurasına üzv, 2024-cü ildə Türk Ticarət və Sənaye Palataları Birliyinin İdarə Heyətinin sədri seçilmişdir.
1987-ci ildə isə SSRİ Dövlət Bankının “Bank əlacısı” döş nişanı,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel 2017-ci il tarixli 2823 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif ilə təltif olunmuşdur.
İqtisad üzrə elmlər doktorudur. Ailəlidir, 3 övladı var.