“Makroiqtisadi sabitlik və büdcə profisiti bizi xarici dalğalanmalardan qoruyur.” — Fərəc Axundov
Sual 1:
FES-in son faiz endirimi qərarını necə qiymətləndirirsiniz? Bu qərarın qlobal iqtisadi trendlərə və investor davranışlarına təsiri nə ola bilər?
FES-in 0,25 faiz endirimi ABŞ iqtisadiyyatı üçün önəmli addım hesab olunur. Kreditlərin ucuzlaşması biznes üçün əlverişli şərait yaradır, investisiyaları artırır və real sektorun inkişafını stimullaşdırır. Bu effekt – yəni sahibkarlığın dəstəklənməsi və istehsal proseslərinin təşviqi – hökumətin prioritetlərinə uyğundur.
Qlobal bazarlar üçün isə önəmli olan yalnız faiz endirimi deyil, həm də FES-in gələcək siyasətinə dair göndərilən siqnallardır. Beynəlxalq ekspertlər də bildirir ki, hazırda investorlar FES rəsmilərinin açıqlamalarını diqqətlə izləyirlər: hətta kiçik dəyişikliklər belə qlobal bazarlara və kapital hərəkətlərinə təsir göstərə bilər.
Beləliklə, FES-in qərarı iki istiqamətdə təsir edir: daxildə biznes və istehsal canlanır, beynəlxalq səviyyədə isə investorların gözləntiləri və qlobal maliyyə trendləri formalaşır.
Sual 2:
Qlobal faiz siyasətində baş verən dəyişikliklərin, xüsusilə FES-in qərarlarının, Azərbaycan iqtisadiyyatına dolayı təsirləri əsasən hansı sahələrdə hiss oluna bilər?
Qlobal faiz dəyişiklikləri, xüsusilə FES-in qərarları, Azərbaycana daha çox dolayı təsir göstərir. Çünki manatın uçot faizi dollar faizindən yüksəkdir, bu da daxili maliyyə sabitliyi üçün ciddi risk yaratmır. Əsas təsir investisiya sahəsində ola bilər. Dollar aktivlərinin gəlirliliyi azalır, bu isə investorların diqqətini Azərbaycan istiqrazlarına yönəldə bilər, çünki onlar daha yüksək gəlir təklif edir və xarici aktivlərlə müqayisədə daha cəlbedicidir. Beləliklə, bu qərarlar Azərbaycana riskdən çox imkan yaradır: milli borc alətləri bazarına kapital axını və daxili maliyyə bazarının möhkəmlənməsi ehtimalı artır.
Sual 3:
Azərbaycan iqtisadiyyatı qlobal maliyyə sisteminə inteqrasiya olunub. Bəs ABŞ Federal Ehtiyat Sistemi və digər iri mərkəzi bankların faiz qərarları ölkə iqtisadiyyatına necə təsir göstərir? Bu təsir birbaşa, yoxsa dolayı xarakter daşıyır?
Azərbaycan iqtisadiyyatı qlobal maliyyə sisteminin bir hissəsi olaraq faiz qərarlarının təsirini hiss edir, lakin bu təsir əsasən dolayı xarakter daşıyır. Ölkəmizin iqtisadiyyatı kifayət qədər diversifikasiya olunub, Mərkəzi Bank müstəqil siyasət aparır və aşağı xarici borc səviyyəsi xarici maliyyə dalğalanmalarına qarşı qoruma təmin edir.
İnflyasiya nəzarət altındadır, büdcə profisiti mövcuddur və valyuta bazarı tam stabildir. Bütün bu müsbət dinamika ölkədə həyata keçirilən uğurlu makroiqtisadi və maliyyə sabitliyi, habelə inkişaf siyasətlərinin nəticəsidir.