Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Koreyaya səfər çərçivəsində ölkənin ən nüfuzlu maliyyə texnologiyaları platformalarından biri olan Korea Fintech Week 2025 tədbirində iştirak edib. Səfərin bu hissəsi Assosiasiyaya rəqəmsal maliyyə ekosistemi, innovativ ödəniş həlləri, süni intellekt əsaslı bank xidmətləri və qlobal fintech trendləri ilə yaxından tanış olmaq imkanı verib.
Tədbirdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, eləcə də Azərbaycan Mərkəzi Bankını və aparıcı yerli bankları təmsil edən nümayəndələr sərgi zonasında təqdim olunan yeniliklərlə tanış olublar. Delegasiya ödəniş texnologiyaları, blockchain tətbiqləri, rəqəmsal identifikasiya sistemləri, insurtech, məlumat analitikası və digər qabaqcıl fintech həllərinin nümayiş olunduğu stendləri ziyarət edib, həmçinin müvafiq mövzularda keçirilən seminar və panel sessiyalarında iştirak edib.
ABA nümayəndə heyətinin Korea Fintech Week 2025-də iştirakı Assosiasiyanın beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu iştirak Azərbaycanda fintech ekosisteminin inkişafı, innovativ maliyyə xidmətlərinin tətbiqi və rəqəmsal transformasiyanın sürətləndirilməsi üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinə töhfə verir.