ABB-nin reytinqlərinə yenidən baxıla bilər

Azərbaycan Beynəlxalq Bankı Londonda bankın xarici kreditorları ilə keçirilən görüşə münasibət bildirib. Jurnalistlərin bu barədə sorğusunu cavablandıran bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimov görüşün gözlənildiyindən də konstruktiv keçdiyini deyib.

Onun sözlərinə görə,  bankın xarici kreditorlarına üç istiqamət üzrə təkliflər təqdim olunub. Xarici öhdəliklərin restrukturizasiyası prosesi plana uyğun şəkildə davam etdiriləcək.

A.İbrahimov qeyd edib ki, xarici ölkələrdə eyni prosesi keçmiş başqa bankların təcrübəsinə istinad edilsə, yaxın günlərdə ABB-nin reytinqlərinə yenidən baxılması gözləniləndir. “Ola bilər ki, beynəlxalq reytinq agentlikləri bankın reytinqlərini müvəqqəti aşağı salsınlar. Bunun bu günlərdə baş verməsi ehtimal edilir. Amma bu, bankın vəziyyətinin pisləşməsinə dəlalət etmir. Bundan əvvəl də qeyd etdiyimiz kimi, belə bir yanaşma agentliklər tərəfindən tətbiq edilən ənənəvi qaydadır. Bu, restrukturizasiya prosesində agentliklərin standartlarını və normal praktikasını əks etdirir. Restrukturizasiya prosesi keçən bankın reytinqləri aralıq mərhələdə bir qayda olaraq müvəqqəti aşağı salınır. Proses bitdikdən sonra isə yüksəlir”.

O, bildirib ki, restruktirizasiya prosesində bank bütün əməliyyatları normal rejimdə davam etdirəcək. Azərbaycan Beynəlxalq Bankı müştərilərinə əvvəlki kimi yenə də tam və yüksək keyfiyyətlə xidmət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır