Genius Aktındakı boşluq trilyonlarla dollar çıxışa yol aça bilər — Amerika bank qurumları xəbərdarlıq edir
ABŞ bankçılıq sektorunun aparıcı təşkilatları — Amerika Banklar Assosiasiyası (American Bankers Association), Bank Siyasəti İnstitutu (Bank Policy Institute) və İstehlakçı Banklar Assosiasiyası (Consumer Bankers Association) — qanunvericiliyə dəyişiklik edilməsini tələb ediblər. Onların fikrincə, yeni Genius Aktında mövcud “boşluq” kriptovalyuta birjalarına stabilkoin sahiblərinə dolayı yolla faiz ödəmək imkanı yaradır. Bu isə banklardan trilyonlarla dollar həcmində vəsaitin çıxışına səbəb ola bilər.
Ekspertlərin qiymətləndirməsinə görə, belə bir vəziyyət bank sistemini ciddi maliyyə təzyiqləri ilə üz-üzə qoya bilər: kreditlərin azalması, borclanma xərclərinin və depozit faizlərinin artması ehtimal olunur. Bank qurumları bunu “bərabər rəqabət meydanı” prinsipinin pozulması kimi dəyərləndirirlər.
Kriptovalyuta sektoru isə əks arqument irəli sürərək, bankların bu hərəkətini rəqabətə maneçilik kimi qınayır və istehlakçıların seçim imkanlarının məhdudlaşdırılması adlandırır.
Mənbə: Financial Times