ABŞ Çinlə Ticarət Cəbhəsini Genişləndirir: “Yeni İxrac Qadağaları Olsa, Dünya Çinlə Əlaqəni Kəsəcək”

BBN.az, 16 oktyabr – ABŞ Maliyyə naziri Skott Bessent Çinə xəbərdarlıq edib ki, nadir torpaq elementləri və kritik minerallarla bağlı tətbiq ediləcək yeni ixrac nəzarəti tədbirləri vəziyyəti gərginləşdirəcək və Çinlə dünyanın iqtisadi “ayrılmasına” səbəb ola bilər. O bildirib ki, Çin bu addımla yalnız ABŞ-a deyil, bütün dünyaya qarşı çıxır və əgər Pekin etibarsız ticarət tərəfdaşı kimi davranmağa davam edərsə, qlobal iqtisadiyyat alternativ yollar axtarmaq məcburiyyətində qalacaq.

Bessent bu açıqlamanı ABŞ Ticarət nümayəndəsi Ceymison Qrir ilə birgə keçirdiyi mətbuat konfransında verib. O qeyd edib: “Dünya Çinlə əlaqəni kəsmək istəmir, riskləri azaltmaq istəyir. Lakin Pekinin atdığı addımlar faktiki olaraq ayrılma prosesini sürətləndirir. Bu isə nə ABŞ-ın, nə də Çinin marağındadır.”

Çinin yeni rejiminə əsasən, nadir torpaq və kritik mineralları ehtiva edən məhsulların ölkədən ixracı üçün qeyri-Çin şirkətləri hökumətdən xüsusi icazə almalıdır. Bu tənzimləmə dekabrda qüvvəyə minəcək. ABŞ və bir sıra digər ölkələr bu qərarın qlobal tədarük zəncirlərinə ciddi zərbə vuracağını bildirir, çünki Çin bu sahədə qlobal bazarda əsas oyunçudur.

ABŞ Prezidenti Donald Trump artıq Çindən idxal olunan məhsullara əlavə 100 faiz tarif tətbiq edəcəyini və digər cavab tədbirlərinin noyabrın 1-dək qüvvəyə minəcəyini açıqlayıb. Qrir isə bildirib ki, bu, sadəcə qarşılıqlı cavab deyil, Çinin bütün dünyaya qarşı iqtisadi təzyiq vasitəsidir. Onun sözlərinə görə, təkcə süni intellekt və yüksək texnologiyalı məhsullar deyil, gündəlik istehlak malları – avtomobillər, telefonlar və hətta məişət texnikası da bu qərarlardan təsirlənə bilər.

Sabiq ABŞ Çin üzrə baş ticarət danışıqları aparıcısı Sara Şuman isə qeyd edib ki, bu ilin əvvəlində Cenevrədə əldə olunan ticarət razılaşması tərəflər arasında münasibətlərin sabitləşməsində mühüm rol oynamışdı. İndi isə qərar vermək Çinin öhdəsinə düşür: ya razılaşmalara qayıdacaq, ya da qlobal təchizat zəncirlərini silahlandırmaq yolunu seçəcək. Onun sözlərinə görə, Pekinin növbəti iki həftədə verəcəyi qərar uzunmüddətli strateji nəticələr doğuracaq.

Çin tərəfi isə öz ixrac məhdudiyyətlərini ABŞ-ın son aylar ərzində Çin şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalarla əsaslandırır. Vaşinqton bu izahatı qəbul etmir və bildirir ki, Pekin bu addımı uzun müddətdir planlaşdırırdı.

ABŞ rəsmiləri həmçinin Çinlə dörd ticarət raundunu aparan nümayəndə heyətinin üzvü, Çinin baş danışıqları Li Çengqanın avqustda Vaşinqtona etdiyi qeyri-rəsmi səfəri zamanı “hörmətsiz davranışlar” sərgilədiyini və ABŞ limanlarına daxil olan Çin gəmilərinə rüsum tətbiq olunacağı təqdirdə “qlobal xaosla” hədələdiyini bildiriblər. Bessent deyib: “Bəlkə də o, nəzarətdən çıxıb.”

Maliyyə naziri onu da bildirib ki, oktyabrın 29-da Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunda Donald Trump və Çin Prezidenti Si Cinpin arasında görüş planlaşdırılır. O, vəziyyətin yumşaldılması üçün hələ də imkanların olduğunu deyərək ehtiyatlı nikbinlik ifadə edib. Lakin əlavə edib ki, əgər Çin geriyə addım atmasa, ABŞ sərt tədbirlərlə cavab verəcək.

Müxtəlif ekspertlər isə hesab edir ki, Çin nadir torpaq elementlərinin ixracına nəzarət tətbiq etməklə ABŞ-ı çiplərlə bağlı ixrac məhdudiyyətlərini yüngülləşdirməyə məcbur etməyə çalışır. Bu barədə sualı cavablandıran Bessent deyib ki, qarşıdakı danışıqların detalları öncədən açıqlanmayacaq, lakin Çin bu tədbirləri gecikdirmək barədə qərar verə bilər.

Hazırda tərəflər arasında əlavə tariflərin tətbiqini əngəlləyən atəşkəs razılaşmasının vaxtı gələn ay başa çatır. Yeni ticarət müharibəsinin başlayıb-başlamayacağı isə Pekinin növbəti addımından asılı olacaq.

Related posts

Xaçmazda aqrar sahibkarlar üçün ixrac, subsidiya və sığorta mövzularında görüş keçiriləcək

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

İngiltərə Bankı əsas faiz dərəcəsini 3,75%-ə endirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı