ABŞ-da xam neft ehtiyatları azalıb

ABŞ Enerji İnformasiya İdarəsi ötən həftənin statistikasını özündə cəmləşdirən həftəlik hesabat yayınlayıb. Hesabata görə, ölkədəki xam neft ehtiyatları həftə ərzində 5.5 milyon barel azalaraq 441.4 milyon barelə düşüb. Bu isə 0.012% azalma deməkdir. Proqnozlar isə ehtiyatların 1.7 milyon barel azalması yönündə idi. Qeyd edək ki, bir öncəki həftə xam neft ehtiyatları 1.1 milyon barel artıb.

Digər tərəfdən isə, ABŞ-ın ticarət üçün nəzərdə tutulmayan strateji xam neft ehtiyatları 635 milyon barel səviyyəsində sabit qalıb. Benzin ehtiyatları isə 2 milyon barel artaraq 239.3 milyon barelə çatıb.

Gündəlik xam neft idxalı 230 min barel artımla 6.81 milyon barel olub. Gündəlik xam neft ixracı isə əksinə 236 min barel azalaraq 3.4 milyon barelə enib. Xam neft hasilatı göstəriciləri isə 100 min barel artıb və gündəlik 12.9 milyon barel səviyyəsində qərarlaşıb. Gələn il isə bu göstəricinin 13 milyon barelin üzərinə qalxması proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır