“AccessBank” 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub

Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” 2020-ci il üzrə üçüncü rübü üzrə maliyyə göstəricilərini elan edib.

Göstəricilər ilə tanış olmaq üçün:  https://accessbank.az/az/our-bank/in-figures/

Üçüncü rübün sonunda Bankın aktivləri 902.1 milyon manat təşkil edib.

Eyni tarixə Bankın xalis kredit portfeli 474.6 milyon manat olub. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 533.7 milyon manat təşkil edib. 9 ay ərzində Bankın balansındakı kredit portfelinin payı 63%-dən 55%-ə düşüb ki, bu da likvid aktivlərin payını artırıb və pandemiya kontekstində Bankın risklərini azaldıb.

Bundan başqa, 2020-ci ilin ilk 9 ayı ərzində “AccessBank” 266.1 milyon manat məbləğində kredit verib. Verilən aylıq kreditlərin 50%-dən çoxu bölgə filiallarının payına düşüb. Ümumi mikrokreditlərin 30%-i isə kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.

Sentyabr ayının sonuna Bankın əmanət portfeli 606.3 milyon manat təşkil edib. Bu isə iyun ayı ilə müqayisədə 43.5 milyon manat çoxdur.  

Habelə, 2020-ci ilin üç rübü ərzində bankın xalis faiz gəlirləri 38.7 milyon manata bərabər olub. Bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 12% çoxdur.

Qeyri-adi gəlirləri nəzərə almadan, Bankın əməliyyat gəlirləri 2019-cu ilin ilk yarım ili ilə müqayisədə 10.8 milyon manat artıb. “AccessBank”ın 2020-ci ilin üçüncü rübündə xalis mənfəəti 3 milyon manat olub.

Hazırda Bankın cəmi balans kapitalı 96.3 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) demək olar ki, iki dəfə artıqdır.

Sentyabr ayının sonuna Bankın ani likvidlik əmsalı 74.3% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.

Pandemiyanın fəsadlarına və bununla əlaqədar bazarda iqtisadi aktivliyin zəifləməsinə baxmayaraq, “AccessBank” müştərilərini fəal olaraq maliyyələşdirməyə davam edir. Təkcə  üçüncü rübdə Bank 100 milyon manatdan çox kredit verib. “AccessBank” hazırda Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu ilə fəal şəkildə əməkdaşlıq edir, kiçik və orta sahibkarlıq üçün güzəştli kredit imkanları təqdim edir. Ölkədəki mövcud vəziyyətdən asılı olmayaraq, “AccessBank” tərəfdaş və müştəriləri ilə işləməyə və onların bizneslərinə dəstək olmağa davam edir.

Bu gün “AccessBank”ın səhmdarları sırasına Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər xarici maliyyə qurumları və investisiya fondları daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır