AccessBank-ın əsas səhmdarı bankın və ölkə iqtisadiyyatının inkişafına inanır

AccessBank-ın rəhbərliyi və Asiya İnkişaf Bankının (AİB) maliyyə və risk menecmenti üzrə vitse-prezidenti İngrid van Veesin (Ingrid van Wees) rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.


Görüşdə AccessBank-ın inkişaf strategiyası və bank sektorunda baş verən proseslər müzakirə olunub.

AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, AİB kimi nüfuzlu beynəlxalq maliyyə institutunun bankın səhmdarları sırasına daxil olması olduqca mühüm amildir: “AİB ilə AccessBank-ın əməkdaşlığının uzun tarixi mövcuddur və biz bu tərəfdaşlığa xüsusi önəm veririk. Son proseslər fonunda AİB AccessBank-ın etibarlı tərəfdaşı olduğunu bir daha isbat etdi. Əminəm ki, AİB-in AccessBank-ın səhmdarına çevrilməsi bankın inkişafına çox güclü təkan verəcək“.


Sədr xatırladıb ki, kapitallaşma prosesindən əvvəl investorlarla danışıqlar prosesində AccessBank-ın 5 illik strateji planı hazırlanıb: “Plana əsasən, biz kredit portfelimizi aktiv şəkildə artırmağı, o cümlədən yüksək gəlirlilik səviyyəsinə qayıtmağı planlaşdırırıq. Bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən əhaliyə göstərilən maliyyə xidmətərinin inkişafında aktiv iştirak etmək də daxildir“.


Öz növbəsində İngrid van Vees qeyd edib ki, AİB ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və AccessBank-ın biznes planına inanır: “Mart ayında uğurla başa çatdırılan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edib və bunun hesabına AccessBank müştərilərinin artan maliyyə ehtiyaclarını qarşılaya biləcək“.


Xatırladaq ki, hazırda AccessBank-ın səhmdar kapitalının 19.90%-i Asiya İnkişaf Bankına məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır