ADB CAREC regionunda əlaqəlilik, təmiz enerji və rəqəmsal transformasiya üçün 10 mlrd. dollardan çox vəsait ayıracaq

Asiya İnkişaf Bankı (ADB) 2030-cu ilə qədər CAREC regionunda regional əlaqələrin genişləndirilməsi, təmiz enerji, rəqəmsal transformasiya və inklüziv infrastrukturun inkişafı üçün 10 milyard ABŞ dollarından çox vəsait ayırmağı planlaşdırır. Bu barədə ADB-nin prezidenti Masato Kanda CAREC-in 24-cü nazirlər konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, 2025–2028-ci illərdə CAREC ölkələrində ticarət, nəqliyyat və logistika sahələrində 18 layihənin icrası üçün təxminən 4 milyard dollar ayrılacaq. Xüsusilə Orta Dəhliz üzrə infrastrukturun modernləşdirilməsi prioritetlər sırasındadır. ADB 2001-ci ildən bu günədək Orta Dəhliz çərçivəsində 24 infrastruktur layihəsinə 4 milyard dollara yaxın vəsait yönəldib.

Enerji sahəsində isə bank Tacikistandakı Rogun və Qırğızıstandakı Kambarata SES-1 layihələri üçün 800 milyon dollardan çox maliyyə ayırmağı planlaşdırır. ADB həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistana Xəzər “yaşıl enerji” dəhlizinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında dəstək göstərir.

CAREC təşəbbüsü 1997-ci ildə təsis olunub və 11 ölkəni birləşdirir. Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddətdə ölkə 5,6 milyard dollara yaxın maliyyə dəstəyi alıb. Bunun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları isə özəl sektora yönəldilib. ADB Azərbaycanın nəqliyyat və enerji layihələrinə müvafiq olaraq 1,5 milyard və 1,7 milyard dollar ayırıb.

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycanın inkişaf layihələrinə 2,5 milyard dollara qədər investisiya yatırmağa hazır olduğunu bildirir.

Related posts

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

Mərkəzi Bankın rəhbər şəxsləri üçün ADA Universitetində keçirilən “Liderlik səriştələri üzrə təlim proqramı”nın bağlanış mərasimi keçirilib

ASC “Xalq” Bankının Müşahidə Şurasına yeni müstəqil üzvlər seçilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı