“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 12 yanvar 2026-cı il tarixindən etibarən yeni Gəncə–Qəbələ–Gəncə sərnişin marşrutunu istifadəyə verəcək.
BBN.az xəbər verir ki, yeni marşrut vasitəsilə Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etmək də mümkün olacaq. Biletlər bu gündən etibarən satışa çıxarılıb.
Marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstəriləcək. Qatarlar hər gün:
-
saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə,
-
saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək.
Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.
Məlumata görə, ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə sərnişinlər Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+, biznes və birinci sinif səyahət imkanları təqdim olunacaq. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4,30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1,70 AZN təşkil edəcək.
Qeyd edək ki, bu reys Bakıdan Qəbələyə və əks istiqamətə gündəlik səfərləri də mümkün edir. Belə ki, sərnişinlər Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çataraq, saat 11:12-də Gəncə–Qəbələ qatarı ilə Qəbələyə gedə biləcəklər. Geri dönüş zamanı isə Qəbələ–Gəncə qatarı ilə saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya qayıtmaq mümkün olacaq.
Biletləri 5 yanvar 2026-cı il tarixindən etibarən ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.