Almaniyada fevral ayında azalan inflyasiya, Yaxın Şərqdəki gərginliyin yaratdığı enerji qiymətlərinin artması səbəbindən mart ayında yenidən sürət qazandı.
BBN.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) mart ayı üçün istehlak qiymətləri indeksi (İQİ) üzrə ilkin məlumatları açıqlayıb.
Bu məlumatlara görə, enerji qiymətlərinin artması ilə əlaqədar olaraq inflyasiya mart ayında Avropa Mərkəzi Bankının (AMB) 2 faizlik hədəfindən yuxarı qalxıb.
Almaniyada illik inflyasiya fevral ayında 1,9 faizdən mart ayında 2,7 faizə yüksəlib.
İnflyasiyanın artmasında ən böyük amil enerji qiymətləri olub və son aylarda azalma meylində olan qiymətlər mart ayında illik müqayisədə 7,2 faiz artıb. Bu artımla enerji sektoru 2023-cü ilin sonundan bəri ilk illik artımını qeydə alıb.
Ərzaq qiymətlərinin artımı illik 0,9 faizlə məhdudlaşsa da, xidmət sektorunda 3,2 faizlik qiymət artımı inflyasiyaya təzyiq göstərib. Enerji və ərzaq xaric olmaqla hesablanmış əsas inflyasiya mart ayında 2,5 faiz səviyyəsində sabit qalıb.
İqtisadçılar xəbərdarlıq edirlər ki, şirkətlər artan istehsal və nəqliyyat xərclərini istehlakçılara ötürməyə başladıqları üçün illik inflyasiya qarşıdakı dövrdə 3 faizə yaxınlaşa bilər.
Enerji idxalından asılı olan Avropada da oxşar mənzərə hökm sürür.
Avropa Statistika İdarəsi (Eurostat) bu gün Avrozonası üçün ilkin mart inflyasiya məlumatlarını açıqlayacaq. Bazarlar Avrozonada illik inflyasiyanın orta hesabla 2,7 faizə yüksələcəyini gözləyir.