AMB-dən 2023-cü ilin 9 ayı ilə bağlı açıqlama

“2023-cü ilin 9 ayında Azərbaycan Respublikasının Mərkəzi Bankı dünyada geosiyasi gərginliyin davam etdiyi, qlobal iqtisadi aktivliyin zəiflədiyi, sərt pul siyasətinin qlobal maliyyəyə çıxış imkanlarını daraltdığı bir mühitdə fəaliyyət göstərib”.

BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) 2023-cü ilin yanvar-sentyabr aylarını əhatə edən “Pul Siyasəti İcmal”nda qeyd edib.

AMB-dən bildirilib ki, illik inflyasiyada azalma müşahidə olunub: “Ümumiyyətlə, beynəlxalq konyunktur tədiyə balansı baxımından Azərbaycan üçün əlverişli olub, ölkənin cari əməliyyatlar hesabı profisitli qalıb, qeyri-neft sektorunda iqtisadi artım davam edib. Hesabat dövründə, həm xarici amillərin dəyişimi, həm də həyata keçirilən antiinflyasiya siyasəti nəticəsində illik inflyasiyada azalma müşahidə edilib.

Sentyabrda illik inflyasiya tempi özünün ötən ilki pik səviyyəsi ilə müqayisədə 3 dəfə enərək müəyyən edilmiş hədəf (4±2%) diapazonuna daxil olub. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması daxili inflyasiyaya azaldıcı təsir edib.

Eyni zamanda profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, qəbul edilmiş pul siyasəti qərarları monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini yumşaldıb”.

“Pul siyasəti alətləri bank sisteminin likvidlik mövqeyi və inflyasiya üzrə risklər balansı nəzərə alınmaqla tətbiq edilib. Mərkəzi Bank tərəfindən faiz dəhlizi parametrlərinin makroiqtisadi vəziyyətə və proqnozlara uyğun dəyişdirilməsi, habelə pul siyasəti alətlərinin adekvat tətbiqi məcmu tələbin izafi artımını məhdudlaşdırıb. Dövr ərzində pul siyasətinin strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və beləliklə inflyasiyaya təsir imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Hesabat dövründə ilk dəfə təminatlı banklararası pul bazarında qısamüddətli əqdlər üzrə orta faiz dərəcələri Mərkəzi Bankın faiz dəhlizinə daxil olub”, – deyə AMB-dən qeyd edilib.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Növbəti valyuta hərracı keçirilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı