Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq depozitar-klirinq mərkəzləri – “Euroclear” və “Clearstream” ilə əməkdaşlıq imkanlarını müzakirə edir.
AMB-nin sədri Taleh Kazımovun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycan investorlarının qlobal kapital bazarlarına çıxışını genişləndirəcək, beynəlxalq iştirakçıların isə yerli bazarda daha aktiv fəaliyyətinə imkan yaradacaq.
T.Kazımov qeyd edib ki, hazırda Azərbaycan rezidentləri xarici kapital bazarlarına təxminən 1,6 mlrd ABŞ dolları yatırıb: “Bunlar əsasən neft sektorunda fəaliyyət göstərən hüquqi şəxslərdir. Fiziki şəxslər isə xarici bazarlarda o qədər də aktiv deyil. Biz onların vəsaitlərinin ölkə daxilində işləməsində maraqlıyıq”.
AMB sədrinin sözlərinə görə, aktivlərin xarici depozitarlarda saxlanılması müəyyən risklər yaradır. Məhz bu səbəbdən Mərkəzi Bank Azərbaycan investorlarının xarici qiymətli kağızlarının Milli Depozitar Mərkəzində (MDM) saxlanmasını təmin etmək üçün “Euroclear” və “Clearstream”lə danışıqlar aparır.
O həmçinin qeyd edib ki, vətəndaşların təxminən 17 mlrd manat vəsaiti hələ də nağd şəkildə maliyyə sistemindən kənarda qalır: “Bizim məqsədimiz kapital bazarını inkişaf etdirmək, depozit və daşınmaz əmlaka alternativlər yaratmaq, həmçinin xarici investorların qorunmasını təmin edən müasir infrastruktur qurmaqdır”.
ADX və BFB əməkdaşlığı
Taleh Kazımov əlavə edib ki, Azərbaycan Bakı Fond Birjasının Əbu-Dabi Birjasının (ADX) “Tabadul” platformasına inteqrasiyası istiqamətində də addımlar atır. Bu proses həm yerli, həm də xarici investorlar üçün daha sürətli və təhlükəsiz ticarət imkanları yaradacaq. MDM ADX üzvləri üçün nominal saxlayıcı və depo hesablarının açılması ilə texniki dəstək göstərəcək.
Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib ki, “Tabadul” platformasına hazırda təxminən 80 birja qoşulub və Azərbaycan prosesə qoşulmaq üçün memorandum imzalayıb. Yanvar ayından test mərhələsinə başlanılır.
Onun sözlərinə görə, ilk mərhələdə əməkdaşlıq ADX vasitəsilə həyata keçiriləcək. Əbu-Dabidəki brokerlər məsafədən BFB-nin üzvü kimi ticarət aparacaq, Azərbaycan brokerləri isə ADX platformasında əməliyyatlar edə biləcəklər. Bunun üçün normativ bazanın yenilənməsi istiqamətində AMB və “Deloitte” ilə birgə iş aparılır.
R.Xəlilov bildirib ki, 1–2 il ərzində texniki qoşulma tamamlandıqdan sonra layihənin kommersiya mərhələsinə keçmək mümkün olacaq.