
Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə qiymətlərin artması bu il ölkə daxilində inflyasiyaya 3,12 faiz bəndi artırıcı təsir göstərib.
Bu barədə AMB-nin sədri Taleh Kazımov qurumun faiz dəhlizinin parametrlərinə dair qərarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, daxili amillər arasında dövlət və ev təsərrüfatlarının istehlakının artması inflyasiyanı 3,35 faiz bəndi, kənd təsərrüfatı məhsullarının bahalaşması isə 4,28 faiz bəndi yüksəldib.
AMB-nin yenilənmiş proqnozlarına əsasən, illik inflyasiyanın 2025-ci ildə 6 %, 2026-cı ildə isə 5,7 % səviyyəsində olması gözlənilir.
Xatırladaq ki, bu ilin iyul ayında qurum 2025-ci il üçün illik inflyasiyanı 5,7 %, 2026-cı il üçün isə 5,3 % səviyyəsində proqnozlaşdırmışdı.







