“Apple” Almaniya qanunvericiliyindən narazıdır

Çərşənbə günü Almaniya qanunvericiliyində həyata keçirilən tənzimləmələr amerikan texnologiya nəhəngi “Apple Corp Ltd” tərəfindən narazılıqla qarşılanıb. Belə ki, çirkli pulların yuyulmasına qarşı qanun layihəsinə edilən bu dəyişiklik birbaşa “Apple Pay” xidmətinə deyil, bütün mobil ödənişlər sisteminə ünvanlansa da, bu dəyişiklik “Apple” da daxil olmaqla bir çox amerikan texnologiya şirkətlərinin Almaniya bazarındakı mövqeyinə kəskin təsir edə bilər.

Yeni qanun layihəsinə görə “Apple Pay” də daxil olmaqla, Almaniya mobil ödənişlər bazarında fəaliyyətini davam etdirən bütün “Elektron pul infrastrukturu operatorları” öz rəqiblərinə müəyyən bir məqbul ödəniş rüsumu qarşılığında müştəri məlumatlarına çıxış təmin etməlidir.

“Apple” şirkəti Almaniya parlamentinin bu addımını istifadəçi məxfiliyi və təhlükəsizliyinə qarşı atılan sərt addım kimi qiymətləndirib və bir anda belə bir qərarın qəbul olunmasına görə təəccübləndiyini vurğulayıb.

Qeyd edək ki, Almaniya və İsveçrə də daxil olmaqla bir sıra ölkələr yerli mobil ödəniş sxemlərinin bazarda yerini qoruya bilməsi üçün “Apple” şirkətinin intensiv olaraq mühafizə etdiyi yaxın sahə kommunikasiyası (NFC) interfeysini aşkara çıxarmağa cəhd göstəriblər. Son uğursuz cəhd isə Avstraliyada gerçəkləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır