Avqustun 19-dan etibarən Aqrar Sığorta Fondunda başlanan müstəqil ekspert təlimlərində 75 namizəd iştirak edir
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizminin əhatə dairəsi genişlənməkdədir. Hazırda bu mexanizmi üzrə ölkədə 450 min hektara yaxın əkin əraziləri sığortalanıb.
Aqrar sığortanın əhatə etdiyi əkinlərə buğda, arpa, qarğıdalı və pambıqla yanaşı, fındıq, çəltik, şəkər çuğunduru, günəbaxan, qırpız, əksər meyvə bağları və sair bitkilər də aiddir.
Sığortalanan əkin sahələri artdıqca sığorta hadisələrinın və onların tənzimlənməsinə tələbat da yüksəlməkdədir. Avqustun 19-dan etibarən Aqrar Sığorta Fondunda müstəqil aqrar sığorta ekspertlərinin hazırlığı üzrə növbəti təlimlərə start verilib. Fondun 2024-cü il ərzində artıq ikinci olan bu təlimində ölkənin müxtəlif bölgələrini təmsil edən 75 namizəd iştirak edir.
Təlimlərdə namizədlərə əkin sahələri və təsərrüfatlarda baş verən hadisələrin araşdırılması, fermerlərə dəyin zərərin səbəblərinin müəyyən edilməsi, dəymiş zərəni hesablanması üzrə biliklər verilir.
Təlimlərin başlanması ilə əlaqədar keçirilən tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov aqrar sığotrtanın əhatəsinin sürətlə genişləndiyi dövrdə müstəqil aqrar sığorta eksperti institutunun vacibliyini qeyd edib.
“Aqrar sığorta ekspertlərinin sayının artması və bütün ölkəni əhatə etməsi sığorta hadisələri ilə bağlı müraciətlərə daha tez reaksiya verməyə, hadisə nəticəsində dəyən zərərlərin daha sürətli tənzimlənməsi və fermerlərə ödənişlərin daha tez həyata keçirilməsinə imkan verəcək”-deyə ASF-nin idarə heyətinin sıdri bildirib.
Fuad Sadıqov bildirib ki, 2024-cü ilin ilk 7 ayında təsərrüfıatlarda baş verən hadisələr üzrə Aqrar Sığorta Fonduna 1700-ə yaxın müraciət daxil olub. Bu müraciətlər Aqrar Sığorta Fondunun sığorta etdiyi əkin sahələrinin 140 min hektarını əhatə edir. Ən çox müraciətlər buğda, arpa, qarğıdalı, pambıq, şəkər çuğunduru, fındıq, günəbaxan və tütün bitkiləri, eləcə də narıngi, şaftalı və ərik bağları ilə bağlı olub.
Hadisələrin artması ilə əlaqədar olaraq Aqrar Sığorta Fondunun ödənişləri sürətlə artır – 2024-cü ilin yanvar-iyul aylarında Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 3 milyon 250 min manat ödəniş edilib. Bundan 2 milyon 573 min manat bitkiçilik, 678 min manat isə heyvandarlıq sığortası üzrə olub.
F.Sadıqov bildirib ki, indiyədək ödənilən vəsaitlərdən əlavə olaraq Fond daha 8 milyon manata yaxın ehtiyat yaradıb.
Qeyd edək ki, ilk 7 ayda sığortalanan fermer və təsərrüfatlardan ümumilikdə 11,3 milyon manat sığorta haqqı toplanıb. Bundan 10,2 milyon manat bitkiçilik, 1,1 milyon manat isə heyvandarlıq sığortası üzrədir.
Aqrar sığort ekspertləri üçün təlimlər avqustun 19-25 tarixlərində keçirilir. Qaydalara əsasən, təlimlərdən sonra namizədlər Dövlət İmtahan Mərkəzinin imtihanında iştirak edəcək və müvafiq sertifikat alaraq fəaliyyətə başlayacaqlar.
Aqrar sığorta məhsulları, şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi «www.asf.gov.az), 1651 Çağrı Mərkəzi, eləcə də bölgələrdəki filiallarından əldə etmək olar