ARDNF indiyə qədər büdcəyə transfertinin məbləğini açıqlayıb

Mənbə: Report.az

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) indiyə qədər dövlət büdcəsinə 140 milyard ABŞ dollardan çox vəsait transfer edərək infrastruktur, sosial və digər dövlət layihələrinin maliyyələşdirilməsinə töhfə verib.

Bunu Fondun icraçı direktorunun müavini Rövşən Cavadov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-ci günündə bildirib.

Onun sözlərinə görə, Fond strateji layihələri də birbaşa maliyyələşdirir:

  • Bakı–Tbilisi–Qars dəmir yolu xətti,

  • Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri,

  • iri suvarma layihələri,

  • məcburi köçkünlər üçün mənzil tikintisi,

  • təhsil proqramları.

Həmçinin xaricdə təhsil alan azərbaycanlı tələbələrin dəstəklənməsi də Fondun prioritetlərindən biridir.

R. Cavadov vurğulayıb ki, ARDNF dünyanın ən şəffaf qurumlarından biridir və hazırda 60 milyard ABŞ dollarından çox aktiv idarə edir:

“Biz BlackRock, Blackstone kimi aparıcı beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq edirik. Bu əməkdaşlıq vasitəsilə bilik və texnologiyanın, həmçinin birgə investisiyaların ölkə iqtisadiyyatına gətirilməsinə şərait yaradırıq”.

O, həmçinin “bumeranq modeli” adlandırdığı yanaşmanı diqqətə çatdırıb:

“Əgər hər hansı beynəlxalq şirkət Azərbaycanda layihə həyata keçirmək istəyirsə, kommersiya baxımından məqsədəuyğun olduğu halda biz həmin şirkətin xaricdəki layihələrinə də sərmayə qoya bilərik. Bu, həm qlobal portfelimizi genişləndirir, həm də xarici investorların Azərbaycana uzunmüddətli marağını artırır”.

Cavadov qeyd edib ki, Fond birbaşa dövlət-özəl tərəfdaşlıqlarının (PPP) tərəfi olmasa da, özəl sektorun inkişafı və investisiya mühitinin güclənməsi üçün mərkəzi rol oynayır.

Related posts

Mərkəzi Bankın rəhbər şəxsləri üçün ADA Universitetində keçirilən “Liderlik səriştələri üzrə təlim proqramı”nın bağlanış mərasimi keçirilib

ASC “Xalq” Bankının Müşahidə Şurasına yeni müstəqil üzvlər seçilib

Aqrar Sığorta Fondu Sığorta Forumunda iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı