ARDNF London Qatvik hava limanına 50 milyon funt sterlinq həcmində investisiya edib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) BlackRock-un tərkibinə daxil olan Global Infrastructure Partners (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik Hava Limanına 50 milyon funt sterlinq investisiya edib.

Bu, ARDNF-in Avropa bazarındakı ən böyük infrastruktur yatırımlarından biri olmaqla Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini nümayiş etdirir.

Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan Qatvik hər il 40 milyondan çox sərnişinə xidmət göstərir və 2024-cü ildə Avropanın ən işlək on hava limanı sırasında qərarlaşıb. Hava limanı “Şimal Uçuş Zolağı” layihəsi ilə genişlənmə mərhələsinə daxil olub və proqnozlara görə, 2030-cu illərin sonuna qədər illik sərnişin axını təxminən 75 milyona çatacaq. Qatvik 23 mindən çox iş yeri təmin edir və Birləşmiş Krallıq iqtisadiyyatına hər il milyardlarla funt sterlinq töhfə verir.

2019-cu ildə VINCI Airports GIP-dən Qatvik hava limanının 50,01 %-lik səhmlərini alıb. Qalan pay isə GIP, ARDNF və digər beynəlxalq investorlar tərəfindən birgə idarə olunur.

ARDNF-in icraçı direktoru İsrafil Məmmədov bildirib:

“Bu mühüm investisiya layihəsi strateji əhəmiyyətli aktivlər üzrə dünyanın aparıcı tərəfdaşları ilə əməkdaşlığa əsaslanan investisiya strategiyamızın bariz nümunəsidir. Qatvik hava limanı Fondun qlobal və uzunmüddətli investisiya yanaşmasını əks etdirən etibarlı və perspektivli aktivdir.”

GIP-nin təsisçisi və baş icraçı direktoru Adebayo Ogunlesi isə əlavə edib:

“Qatvik hava limanı kimi mühüm bir aktiv üzrə ARDNF ilə tərəfdaşlığımızdan məmnunuq. Bu layihə həm investorlar, həm də cəmiyyət üçün uzunmüddətli dəyər və davamlı inkişaf təmin edir.”

1999-cu ildə yaradılan ARDNF Azərbaycanın neft və qaz gəlirlərinin səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Hazırda Fondun aktivləri 70 milyard ABŞ dollarına yaxındır və investisiya portfeli qlobal səviyyədə borc alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur sektorlarını əhatə edir.

GIP isə 189 milyard ABŞ dollarından artıq aktivləri idarə edən, enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində fəaliyyət göstərən aparıcı infrastruktur investorlarından biridir.

Related posts

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir

İqtisadçı: Vətəndaşlar valyuta riskindən yayınmaq üçün portfellərini diversifikasiya edirlər

Azərbaycandan ABŞ-yə pul köçürmələri 11 mln. dollaradək artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı