Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2023-cü il sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 13% artaraq 55 524,0 milyon ABŞ dolları təşkil etmişdir.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 14 878,3 milyon manat, büdcə xərcləri isə 3 587,0 milyon manat təşkil etmişdir.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 227,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 11 422,1 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat təşkil etmişdir.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 2 651,1 milyon manat təşkil edir.
Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 3 550,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 10,8 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 6,1 milyon manat yönəldilmişdir. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 20,1 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 257,8 milyon manat təşkil etmişdir.
2023-cü ilin 3-cü rübünə aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən, vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur.
Cari ilin əvvəlindən qlobal iqtisadiyyatda canlanma müşahidə olunsa da, inkişaf etmiş ölkələr tərəfindən sərt monetar siyasətin davam etdirilməsi iqtisadiyyatda yavaşlama riskini artırmışdır. İlin ilk 9 ayında inkişaf etmiş regionların səhm bazarlarında yüksək gəlirlilik qeydə alınsa da (11.6%), iqtisadi yavaşlama gözləntiləri səhm bazarlarına təzyiqi artırmışdır.
Eyni zamanda, inflyasiya dərəcəsinin aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması və buna töhfə verən əmək bazarının dayanıqlılığı ilkin gözləntilərə nisbətən uçot dərəcələrinin daha uzun müddət yuxarı səviyyələrdə qala biləcəyinə işarə edir. İstiqraz bazarlarına gəldikdə isə, faiz dərəcələri cari il ərzində də qalxmağa davam etmişdir ki, bu da öz növbəsində istiqraz dəyərlərinə mənfi təsir göstərmişdir.
Qeyd edək ki, sərt monetar siyasətin davamlı olması nəticəsində şirkətlərin borclarının daha yuxarı faizlə yenidən maliyyələşdirilməsi getdikcə şirkətlərin maliyyə yükünü artıraraq mənfəətliliklərinə mənfi təsir edə bilər. Bu isə öz növbəsində səhm və korporativ istiqraz bazarlarına əlavə risk gətirir.