Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu (“TAEF”) “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində “DIF VII” fondunun “PAL Cooling Holding” (“PAL”) şirkətində 50 %-lik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb.
Bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.
2025-ci ilin iyununda “CVC”nin infrastruktur strategiyası olan “CVC DIF” və “Tabreed” dünyanın aparıcı mərkəzləşdirilmiş soyutma şirkətlərindən biri olan “PAL Cooling Holding”in alınması ilə bağlı razılığa gəlib. “CVC DIF” və “Tabreed” tərəfindən yaradılmış birgə müəssisə vasitəsilə “PAL” 50/50 pay bölgüsü əsasında əldə olunub. Sövdələşmənin kapital dəyəri təxminən 3,8 milyard BƏƏ dirhəmi təşkil edib.
“PAL Cooling Holding” Birləşmiş Ərəb Əmirliklərində mərkəzləşdirilmiş soyutma xidmətləri üzrə ikinci ən böyük operatordur. Şirkət orta hesabla 25 il müddətinə qüvvədə olan səkkiz uzunmüddətli konsessiya çərçivəsində fəaliyyət göstərir və 45 mindən çox müştəriyə xidmət edir. “PAL” ölkənin əsas inkişaf zonalarında dayanıqlı və səmərəli soyutma infrastrukturunun qurulmasında mühüm rol oynayır.
Bildirilib ki, ARDNF və “TAEF”in “CVC DIF” ilə əməkdaşlığı kapital imkanları və sahə üzrə təcrübəsi ilə seçilən üç institusional investoru vahid platformada birləşdirərək “PAL”ın əməliyyat dayanıqlığını gücləndirir və şirkətin uzunmüddətli inkişaf strategiyasının icrasına dəstək verir.
“TAEF”in baş icraçı direktoru Xalid Al-Ruvey qeyd edib ki, layihə enerji səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır və əməkdaşlıq uzunmüddətli dəyər yaradan investisiya platformalarına yönəlmiş strateji yanaşmanı əks etdirir.
ARDNF-nin icraçı direktorunun müavini Rövşən Cavadov isə bildirib ki, bu layihədə iştirak Fondun BƏƏ-yə və ümumilikdə Körfəz regionuna strateji marağının göstəricisidir. Onun sözlərinə görə, mərkəzləşdirilmiş soyutma müasir şəhərsalmanın vacib elementlərindən biridir və investisiya transmilli əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
“CVC DIF”in investisiya üzrə direktoru və partnyoru Allard Ruis də tərəfdaşlığı yüksək qiymətləndirərək bildirib ki, “PAL Cooling” sabit gəlirlilik və uzunmüddətli artım potensialına malik keyfiyyətli investisiya layihəsidir.