Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Malayziyanın Enerji Keçidi və Kommunal Xidmətlər Nazirliyi və Malayziyanın Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü ilə keçirilən “Azərbaycanın bərpa olunan enerji sektorunda imkanlar” mövzusunda onlayn sessiyada iştirak edib.
Görüşdə Malayziyanın Enerji Keçidi və Kommunal Xidmətlər Nazirliyinin baş katibinin müavini Məhəmməd Razif bin Abd Mubin və AREA-nın direktoru Cavid Abdullayev açılış nitqi ilə çıxış ediblər.
Bərpa olunan enerji sektorunun ölkəmizdə əsas prioritetlərdən olduğunu qeyd edən Cavid Abdullayev yaşıl enerji potensialından, mövcud və gələcək layihələrdən danışıb. Azərbaycanda 2030-cu ilə qədər 7 qiqavat gücündə bərpa olunan enerji layihələrinin reallaşdırılması, bu gücün 5 qiqavatının ixraca yönəldilməsinin planlaşdırıldığı vurğulanaraq yaşıl enerjinin ixrac imkanları və marşrutları barədə məlumat verilib. Ölkəmizdə yaradılan əlverişli investisiya mühitindən bəhs edən Cavid Abdullayev xarici şirkətlərlə əməkdaşlıqdan bəhs edib, bu xüsusda Malayziya şirkətləri gələcək layihələrdə iştiraka dəvət edilib.
Daha sonra ölkəmizin Malayziyada fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov, AREA-nın şöbə müdirləri – Rəna Hümbətova və Fəqan Abdurəhmanov, BƏƏ-nin “Masdar” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Murad Sadıxovun çıxışları dinlənilib. Ölkəmizdə həyata keçirilən layihələr, investisiya imkanları və digər istiqamətlərdə geniş məlumatlar verilib.
Onlayn görüş sual-cavab sessiyası və müzakirələrlə davam edib.