Ölkənin bəzi ərazilərində yaşayış məntəqələrinin daxilində yerləşən qeyri-yaşayış obyektlərinin dövlət torpağı kimi qeydiyyata alınması bələdiyyə mülkiyyəti ilə bağlı ciddi boşluq yaradır.
“Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası“nın sədri Hümbət Hüseynov bu barədə “Milli Məclisin Regional məsələlər komitəsi“nin bugünkü iclasında bildirib. Assosiasiya rəhbərinin sözlərinə görə, bələdiyyə xəritələrinin təqdim edilməməsinin əsas səbəblərindən biri məhz bu məsələdir.
Onun fikrincə, xəritələr təqdim olunduğu təqdirdə, hazırda dövlət mülkiyyəti kimi rəsmiləşdirilən torpaq sahələrinin müəyyən hissəsinin bələdiyyə mülkiyyətinə aid olduğu üzə çıxar:
“Axı bütün torpaqların dövlət mülkiyyətində olması mümkün deyil. Əgər bu xəritələr bələdiyyələrə təqdim edilsəydi, bələdiyyələr əlavə maliyyə imkanları əldə edə bilərdilər”.
Hümbət Hüseynov 2025-ci ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini xatırladaraq, Bakı şəhəri üzrə bələdiyyə xəritələrinin cari ildə təqdim olunmasını təklif edib. O vurğulayıb ki, məsələ dəfələrlə qaldırılsa da, indiyədək öz həllini tapmayıb.