Aviasiya sənayesində yeni dövr başlayır

Kanadada aviasiya tarixində ilk dəfə elektriklə işləyən təyyarənin test uçuşu keçirilib. Üç dəqiqəlik uçuş testini uğurla bitirən bu təyyarə ilə aviasiya dövründə yeni mərhələyə qədəm qoyulub.

750 at gücünə sahib elektrik mühərrikli “DHC-2 de Havilland Beaver” təyyarəsi Vankuver, Kanada mərkəzli “Harbour Air” və Sietl, ABŞ mərkəzli “MagniX” şirkətləri tərəfindən ortaq istehsal olunub. Test mərhələsindən uğurla keçən təyyarənin istifadəyə verilməsi və satışların həyata keçirilməsi üçün sertifikasiya və təsdiq prosesi başladılıb.

Təyyarənin test uçuşu zamanı müşahidə edilən əsas mənfi cəhəti lityum batareya gücü ilə yalnız 160 kilometrə qədər məsafə qət edə bilməsidir. Bununla belə, bu göstəricinin qısa məsafəli uçuşların həyata keçirilməsində heç bir problem törətməyəcəyi vurğulanıb.

Hal-hazırda “Boeing” və “Airbus” kimi aviasiya şirkətləri də elektriklə işləyən təyyarələrin istehsalı üzrə çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır