Avropada ənənəvi bankçılığın ən böyük rəqibləri

Maliyyə texnologiyaları sahəsində neobanklar ənənəvi bankları dəyişikliyə və rəqəmsallaşmaya sövq edən ən böyük faktorlardandır. 2011-ci ildən bəri Avropa bazarında müştəri bazasını 15 milyondan çox artıran iddialı neobankların 2023-cü ilədək müştəri sayında 85 milyondan çox artım müşahidə etməsi proqnozlaşdırılır. Avropa maliyyə texnologiyaları sektorunun əsas iştirakçılarını nəzərinizə çatdırırıq:

Revolut – “Facebook” və “Skype” kimi beynəlxalq şirkətlərdən investisiya cəlb edən Böyük Britaniya mərkəzli “Revolut” Avropanın ən böyük “fintech” şirkətlərindəndir. 7 milyondan çox istifadəçiyə malik “Revolut” şirkəti Avropa İqtisadi Bölgəsi (EEA) ilə yanaşı, İsveçrə, ABŞ, Kanada, Avstraliya və Sinqapurda da fəaliyyət göstərir.

Fire -güclü API protokolu vasitəsilə müxtəlif ödəniş xidmətləri göstərən İrlandiya mərkəzli neobank müştərilərinə ikili (avro və funt sterlinq) hesablardan istifadə imkanı tanıyır.

N26 – 2013-cü ildə yaranmasına baxmayaraq artıq 3.5 milyard dollarlıq bazar kapitalizasiyasına malik olan alman rəqəmsal bankçılıq şirkəti 26 ölkədə 3.5 milyon istifadəçini özündə birləşdirir.

Bunq – Amsterdam mərkəzli “Bunq” mobil bankı 2015-ci ildə yaradılıb. Sözügedən neobankı digərlərindən fərqləndirən əsas cəhət 25-ə qədər fərqli bank hesablarını tək bir mobil tətbiqdə toplamaq və idarə etmək imkanını müştərilərinə tanımasıdır.

Nickel – 2014-cü ildə təsis edilən və yalnızca üç il sonra nəhəng fransız bankı “BNP Paribas” tərəfindən satın alınan “Nickel” şirkəti hal-hazırda yalnız Fransada fəaliyyət göstərsə də, qısa müddət ərzində İspaniya, Belçika, İtaliya, Portuqaliya və Avstriya bazarlarına daxil olmağı planlaşdırır.

Anytime – 2012-ci ildən Belçikada fəaliyyət göstərən kiçik və orta sahibkarlara mobil bankçılıq xidmətləri göstərir.

Neon – Sürix mərkəzli “Neon” şirkəti öz bank tərəfdaşı “Hypothekarbank Lenzburg” vasitəsilə 10 minə yaxın istifadəçisinə gündəlik rəqəmsal bankçılıq xidmətləri təklif edir.

Bnext – İspaniyanın qabaqcıl mobil neobanklarından olan “Bnext” 2018-ci ildə yaranmasına baxmayaraq, 300 min aktiv istifadəçiyə və 100 milyon avroluq aylıq tranzaksiya dövriyyəsinə malikdir.

Lunar – 2015-ci ildə təsis edilən və 2019-cu ildə bankçılıq lisenziyasını əldə edən “Lunar” Skandinaviya ölkələrində 100 min istifadəçiyə sahibdir.

Klarna – 2005-ci ildə təsis edilən İsveç mərkəzli “Klarna” Avropanın ən böyük rəqəmsal ödəniş xidmətləri siyahısındadır. İstifadəçilərinə sonradan ödəniş və hissəli ödəniş kimi bir sıra fürsətlər tanıdıqdan sonra sürətlə inkişaf edən şirkət hal-hazırda 17 ölkədə fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır