Azərbaycan – AYİB əlaqələri müzakirə olunub

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvaneranı qəbul edib.
Görüşdə Azərbaycan və AYİB arasında əməkdaşlıq, ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadiyyatın prioritetləri barədə müzakirələr aparılıb, AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin yeni rəhbəri İvana Duarte Azərbaycan tərəfinə təqdim olunub.

Şahin Mustafayev bankın ölkəmizdə özəl sektorun inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Qeyd olunub ki, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində Azərbaycanda geniş islahatlar həyata keçirilir və özəl sektora dəstəyin davam etdirilməsi prioritetdir. Şahin Mustafayev Cənub Qaz Dəhlizi layihəsini, bu yaxınlarda Ələtdə Azad Ticarət Zonasının yaradılması üçün Birləşmiş Ərəb Əmirlikləri şirkətinin məsləhətçi qismində prosesə cəlb edildiyini, ölkəmizin tranzit yükdaşımalarının artırılmasında maraqlı olduğunu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib, AYİB-lə əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bölüşüb, infrastruktur layihələrinin reallaşdırılmasına və biznesin inkişafına AYİB-in dəstək göstərməsinin əhəmiyyətini vurğulayıb.

AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin yeni rəhbəri İvana Duarte Azərbaycanda fəaliyyətə başlamasının ölkədə iqtisadi sahədə ciddi islahatların aparıldığı dövrə təsadüf etdiyini qeyd edib və AYİB-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır