Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçirilib

Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansurinin rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla anaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının həmsədri Mikayıl Cabbarov və BƏƏ-nin İqtisadiyyat naziri, Komissiyanın həmsədri Sultan bin Səid Əl-Mansuri arasında görüş keçirilib.

Görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-BƏƏ siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və BƏƏ beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər.

Azərbaycanın İqtisadiyyat naziri qeyd edib ki, ölkələrimiz arasında zəruri müqavilə-hüquqi baza yaradılıb, müxtəlif sahələrdə 30-dan çox sənəd imzalanıb. İkitərəfli əlaqələrdə investisiya əməkdaşlığının önəmini vurğulayan Mikayıl Cabbarov BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 mln. ABŞ dollarından çox sərmayə yatırıldığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və s. sahələrdə 340-dan çox BƏƏ şirkəti qeydiyyata alınıb. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 38% artıb. Artım tendensiyası bu ilin 9 ayında da davam edib və 22,5%-lik artım müşahidə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsinin və Ticarət Evinin fəaliyyətinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib, qarşılıqlı ticarət həcminin daha da artırılmasının və strukturunun şaxələndirilməsinin önəmini vurğulayıb, bu sahədə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır