Azərbaycan bankından innovativ məhsul

Müsahibimiz Bank VTB (Azərbaycan)-ın Bankdan kənar satışlar şöbəsinin rəhbəri Orxan Məmmədovdur.

Orxan müəllim, sizin bu sahədə böyük təcrübənizi nəzərə alaraq, istərdik  söhbətimizi Azərbaycanda bankçılığın yeni və innovativ məhsulları barədə açaq . Azərbaycan bankları bir neçə ildir daha çox aqressiv kreditləşmə sxemi vasitəsi ilə inkişaf yolunu seçdiyindən, yeni innovativ məhsulların inkişafına vaxt ayıra bilmirdilər. Çünki bu proses olduqca çox resurs və vaxt tələb edir. Hazırda bazarda durğunluq müşahidə olunur – sizin fikrinizcə, indiki zaman innovativ bank məhsulları üçün uyğun vaxtdırmı?

Əslində, Azərbyacan bank sektorunda innovativ yanaşmalar hər zaman mövcud olub. Yalnız müəyyən dövrlər ərzində bu, kütləvi xarakter daşımayıb. Bankların əksəriyyəti horizontal inkişaf modelinə üstünlük verdiyi üçün innovativ yanaşmalar əsasən ikinci planda saxlanılıb. Bunun hər bir zaman kəsimi üzrə müəyyən obyektiv səbəbləri olub. Bu gün isə bazar şəraiti dəyişir, buna təsir edən amillər kimi yaşadığımız böhran və dəyişən müştəri vərdişlərini göstərmək olar. Düşünürəm ki, banklar bazarda fəaliyyətini dayanıqlı şəkildə davam etdirmək üçün müştərilərə innovativ məhsul və xidmətlər təklif etməlidirlər. Bu yanaşma faiz və qeyri-faiz məhsullarına bərabər şəkildə tətbiq edilməlidir. Ancaq günümüzün ən aktual məsələsi qeyri-faiz məhsullarının inkişaf etdirilməsidir. Bank VTB (Azərbaycan) olaraq biz komisyon məhsullara xüsusi həssaslıqla yanaşırıq və məqsədimiz bu istiqaməti sistemli şəkildə inkişaf etdirməkdir.

 VTB Bank (Azərbaycan) bazara yeni məhsul təqdim etmişdir. Bu məhsul barədə qısa məlumat verə bilərsinizmi?

Tamamilə doğrudur. Biz artıq 4 aydır ki, müştərilərimizə “Paket Sığorta Məhsulları” adlı yeni komisyon məhsul təklif edirik. Bu məhsul dünyada kifayət qədər məşhur olmasına baxmayaraq, yerli bazar üçün yenidir. Məhsulun özəlliyi ondan ibarətdir ki, bank və sığorta şirkəti klassik sığorta məhsullarını yenidən dizayn edərək onları öncədən müəyyən edilmiş və sabit şərtləri olan formaya salır. Bu yolla sığorta məhsulu asan anlaşılan və qiymət baxımından daha əlverişli məhsula çevrilmiş olur. Hal-hazırda biz, müştərilərimizə “Paket Sığorta Məhsulları” çərçivəsində 7 fərqli növdə sığorta məhsulu təklif edirik. Bunlara 4 növ avtomobil, 2 növ fərdi qəza və 1 növ daşınmaz əmlak sığortası aiddir. Misal üçün, hazırda müştərilər bankımızın istənilən filialından sığorta məbləği 2500 AZN olan tam AVTO-KASKO sığortasını cəmi 99 AZN ödəməklə əldə edə bilərlər.

“Paket Sığorta Məhsulları” çərçivəsində partnyorumuz “AtaSığorta” şirkətidir. Sığorta bazarında geniş təcrübəyə malik olan bu şirkət “Ataholding” şirkətlər qrupuna daxildir. Bildiyiniz kimi, Bank VTB (Azərbaycan)-ın da səhmlərinin bir hissəsi “Ataholding” şirkətlər qrupuna məxsusdur. Birgə məhsul təklif etməklə bank və sığorta şirkəti “Bancassurance” yanaşması əsasında səmərəli fəaliyyət həyata keçirmiş olur.

Bazarda bu məhsula olan tələbat hansı səviyyədədir?

Ümumiyyətlə yeni məhsulların hazırlanması prosesinin vacib hissələrindən biri bazarın araşdırılmasıdır. Burada məhsul üzrə bazarda mövcud olan təcrübənin və potensial müştərilərin davranışının araşdırılması daha önəmlidir. Əldə etdiyimiz məlumatlardan belə qənaətə gəldik ki, “Paket Sığorta Məhsulları”-na bənzər məhsullar əvvəllər bir neçə bank tərəfindən təklif edilib, ancaq bu layihələr fərqli yanaşmalar üzrə hazırlanaraq bazara çıxarılmışdır. Bizim təklif etdiyimiz məhsullar isə tam yeni formatda və beynəlxalq təcrübəyə əsasən hazırlanmışdır.  Bundan əlavə, müştərilərlə apardığımız sorğular göstərdi ki, hazırladığımız sığorta məhsulları onlar üçün maraqlıdır və doğru kommunikasiya edildiyi halda uğurlu nəticə əldə oluna bilər.

Bu məhsul müştərilərə hansı formada faydalı olacaq (həm maddi, həm də rahatlıq baxımından)?

Çox gözəl sualdır və mən bu suala bir misalla cavab vermək istərdim. Təsəvvür edin ki, gecə saat 11-də səhətinizlə bağlı problem yarandı. Misal üçün, başınız ağrıdı. Təbii ki, ilk addım olaraq evinizdəki tibbi yardım çantasına baxacaqsınız. Demək ki, evdə tibbi yardım çantasının olması çox faydalıdır və insanlarda müəyyən mənəvi rahatlıq hissi yaradır. Hətta, siz çantanı açsanız və məlum olsa ki, lazım olan dərman yoxdur, 30 dəqiqə ərzində aptekə gedəcək və istədiyiniz dərmanı alacaqsınız. Bəs əgər baş verən hadisə tibbi yardım çantası ilə həll edilə bilməsə, böyük vəsait tələb etsə və birbaşa sığortanın əhatə dairəsinə girsə, bu zaman sığortanı hadisədən sonra almaq mümkündürmü? Təbii ki, xeyr. Deməli, sığortalı insanlar maddi və mənəvi olaraq daha rahatdırlar. Beləliklə, biz yeni məhsulumuz sayəsində müştərilərimizə maddı və mənəvi rahatlıq təklif edirik. Üstəlik bu məhsulları məqbul qiymətə, minimal sənəd tələbi ilə və qısa vaxt ərzində əldə edmək mümkündür.

Qeyd etdiyim kimi, artıq 4 aydır ki, məhsul müştərilərimizə təklif edilir. Satışlar gözlədiyimizdən daha yaxşıdır. Məhsul bazara 2 mərhələdən ibarət yanaşmaya əsasən təqdim edilib. İlk öncə pilot mərhələsində məhsul iki filialımız vasitəsilə təklif olundu, sonra isə məhsulu bütün satış nöqtələrimiz üzrə satışa çıxardıq. Hal-hazırda “Paket Sığorta Məhsulları” bizim məhsul çeşidlərimiz arasında önəmli yer tutur və biz bu sahəni daha da inkişaf etdirməyi nəzərdə tuturuq.

 

Mənbə: banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır