Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Türkiyədən tibb mütəxəssisləri dəvət olunub

Regionun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı koronavirus pandemiyasına qarşı mübarizə üçün xaricdən ölkəmizə tibb mütəxəssislərinin gətirilməsinə dəstək verir. Bankın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qardaş Türkiyənin “Acıbadem” xəstəxana və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunub.

Türkiyədən dəvət edilmiş həkim və tibb bacıları bu xəstəliyin müalicəsində geniş təcrübə qazanmış peşəkarlardır. Onların gəlişi uzun müddətdən bəri ölkəmizdə koronavirusa qarşı mübarizə aparan yerli tibb işçilərinin fədakar əməyinə dəstək olacaq. Xəstələrin müalicəsində faydalı təcrübə mübadiləsinə imkan verəcək.

Azərbaycan Beynəlxalq Bankı özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ilk günlərdən koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olmağa çalışır. Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat məbləğində ianə edib. Pandemiya dövründə həm korporativ, həm də fərdi müştərilərin işini asanlaşdıran, banka gəlmək ehtiyacını aradan qaldıran innovativ həllər təqdim edib. Sahibkarlara bir sıra güzəştlər edib, yeni imkanlar yaradıb.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır