Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib

Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazovun və Böyük Britaniyanın Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberinin həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər.

İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, Energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr barədə məlumat verərək, ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın  olduğunu vurğulayıb. Bildirilib ki, iki ölkə arasında ötən il ticarət dövriyyəsi 61,1 %, cari ilin 3 ayı ərzində isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 89,6 % artıb. Hazırda Azərbaycanda 437 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir və bu ölkə tərəfindən Azərbaycan iqtisadiyyatına, təxminən, 28 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb.

Energetika naziri Pərviz Şahbazov deyib: “Birgə Hökumətlərarası Komissiyanın budəfəki iclası bütün sahələr üzrə potensialı dəyərləndirməyə imkan yaradacaq. Yeni qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri üçün yol xəritəsi müəyyənləşdirəcək. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf siyasəti həyata keçirilir. Bu kurs əməkdaşlığımızın qeyri-neft sektorunda daha da inkişafı üçün zəmin yaradır”.

Iclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Ticarət  Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi imzalayıb. Komissiyanın 4-cü iclasının 2020-ci ildə Bakıda keçirilməsi razılaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır