Azərbaycan-Çin iqtisadi əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət üzrə Məşvərət Qrupunun üzvü Cou Syaopeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 mlrd. ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.

Hazırda da Azərbaycanın Çinlə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bu potensialın reallaşdırılması istiqamətində Azərbaycan tərəfindən ardıcıl tədbirlər görülür. Belə ki, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, eləcə də ötən dövrdə Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb, Honkonq, Quancou, Urumçi, Şanxay və Pekin şəhərlərinə ixrac missiyaları təşkil edilib. Keçirilmiş biznes forumlar, Azərbaycan şirkətlərinin Çində təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirakı və digər tədbirlər ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Eyni zamanda, Çin tərəfindən həyata keçirilən idxala dəstək siyasəti Azərbaycanın yüksək keyfiyyətli məhsullarının Çin bazarında təklif olunması üçün əlverişli şərait yaradır.

Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycan tərəfindən Çinə 1,7 milyard ABŞ dolları, Çindən isə Azərbaycana 800 milyon ABŞ dollarından artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib.

Maliyyə sahəsində əməkdaşlığın önəmini vurğulayan İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olduğunu, Bankın TANAP layihəsinə 600 milyon dollar kredit ayırdığını, Çinin TANAP layihəsinin reallaşmasında rolunu vurğulayıb.

Daha ətraflı məlumat əldə etmək üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır