Azərbaycan-Fransa biznes forumu keçirilib

İyulun 11-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in təşkilatçılığı ilə Azərbaycan-Fransa biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Fransa rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, İKT, enerji, maliyyə, təhsil, turizm, ticarət, ətraf mühit, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul etməsinin ölkələrimiz arasında əlaqələrə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə məlumat verən İqtisadiyyat naziri bildirib ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyildir ki, 2018-ci ildə Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi dövriyyəsinin 62,4%-i məhz Azərbaycanın payına düşüb. 2019-ci ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 53%-dən çox artıb. 


Nazir Şahin Mustafayev iki ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib, fransalı iş adamlarını bu imkanlardan yararlanmağa dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır