Azərbaycan Kredit Bürosunda kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 37 faiz artıb

30.06.2019 tarixinə olan məlumata əsasən Azərbaycan Kredit Bürosu (Büro) ilə müqavilə imzalamış təşkilatların sayı 126ya çatıb. Hesabat dövrü ərzində 6 yeni təşkilat, o cümlədən 1 bank olmayan kredit təşkilatı, 2 lizinq şirkəti, 2 kredit ittifaqı və 1 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanmış və Büro sisteminə inteqrasiya edilib.

2019-cu ilin ilk yarımili ərzində Büronun sistemindən 30 bank və 40 BOKT istifadə edib. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 1,301,606 sorğu həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 37 faiz çoxdur. Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 952,987 sorğu yerinə yetirilib.

Büroda aparılmış sorğuların 1,162,865-i (və ya 89%-i) banklar, 138,741-i (və ya 11%-i) isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.

Büronun skorinq xidmətindən isə 6 ay ərzində ümumilikdə 851,607 sayda istifadə qeydə alınıb ki, bu da ümumi sorğuların 65%-ni təşkil edib.

Qeyd olunan dövr ərzində 13,827 şəxs Büroya müraciyyət edərək öz kredit hesabatlarını əldə edib. Müraciət etmiş şəxslərin 13,751-i (və ya 99,5%-i) fiziki, 76-i (və ya 0,5%-i)  isə hüquqi şəxslər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır