Azərbaycan məhsulları ilk dəfə “Global Village” Beynəlxalq Yarmarkasında nümayiş olunub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hər il ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında ilk dəfə olaraq Azərbaycan məhsulları da nümayiş olunur.

Oktyabrın 29-dan 2020-ci ilin aprelinədək davam edəcək yarmarka 150 hektar ərazidə yerləşir. Azərbaycan da daxil olmaqla 78 ölkənin məhsulları 26 pavilyonda nümayiş olunur və satışı həyata keçirilir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dubaydakı Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin BƏƏ-dəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə yarmarka çərçivəsində Azərbaycan pavilyonu açılıb. Burada ziyarətçilərə 25 Azərbaycan şirkətinin 200-ə yaxın çeşiddə məhsulları – meyvə-tərəvəz, şirələr, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayılar, milli suvenirlər, parfumeriya və s. təqdim edilir. Pavilyonda Azərbaycan məhsullarının nümayişi və satışı ilə yanaşı, “Global Village”in ümumi ərazisində və Azərbaycan pavilyonunda milli musiqimiz və mətbəximiz, “Azərbaycan irsi” guşəsində isə milli mədəniyyətimizə dair eksponatlar sərgilənir.

Azərbaycan pavilyonu, eləcə də məhsullarımız sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır.

Qeyd: 1996-cı ildən təşkil edilən “Global Village” Beynəlxalq Yarmarkası hazırda Dubayın ən böyük satış bazarı, açıq havada isə dünyanın ən böyük beynəlxalq yarmarkasıdır. 2018-ci ildə “Global Village”i 7 milyon nəfər ziyarət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır