Azərbaycan Mərkəzi Bankı ölkə üzrə inflyasiya proqnozunu yeniləyib və riskləri qiymətləndirib

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya hədəf diapazonunun mərkəzindən aşağıda qalmışdır. Zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə avqust ayında qiymətlər 0.2% azalmış, illik inflyasiya isə 2.8% təşkil etmişdir. Aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş vermişdir. Mövsümi amillərin də təsiri ilə avqustda ərzaq qiymətləri 0.5% aşağı düşmüşdür. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersion olaraq dəyişməmişdir. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proqnozlara uyğun olmuşdur.

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini təsdiqləyir. Avqustda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və xidmət sahələrində azalmış, tikinti və ticarət sektorlarında isə demək olar ki, dəyişməmişdir. Lakin aparılan sorğular inflyasiya gözləntilərinin xarici və daxili mühit amillərinə həssas olduğunu göstərir.

İnflyasiya proqnozu azaldılma istiqamətində təshih edilmişdir. Bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olmuşdur. Sentyabrda yenilənmiş proqnozlara görə 2020-ci ilin sonuna inflyasiya 3-3.2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

Risklər balansına təsir edən başlıca amil pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin yüksək olaraq qalmasıdır. Xarici risklərə əsasən COVİD-19-a ikinci yoluxma dalğası ehtimalının təsiri ilə neft qiymətlərinin daha kəskin aşağı düşməsi, bəzi tərəfdaş ölkələrdə resessiya və məzənnə dəyişiklikləridir.Bu meyillərin güclənməsi ilə inflyasiya gözləntilərinin dəyişməsi, habelə son illər əsasən fiskal kəsirin monetizasiyası nəticəsində yaranmış likvidliyin potensial təsirləri isə başlıca daxili risklərdir. Lakin mövcud kontrtsiklik makroiqtisadi çərçivə bu riskləri idarə etməyə əlavə imkanlar yaradır.    

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər və makroiqtisadi sabitlik hədəfləri əsas götürüləcəkdir.

Bu qərar 18 sentyabr 2020-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il oktyabr ayının 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır